Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Normativ hüquqi sənədlər
«KİTABXANA İŞİ HAQQINDA» AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
16 May , 2016
Bu Qanun Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsiplərini, kitabxana işinin və kitabxana sisteminin ümumi əsaslarını, kitabxana fondlarının formalaşdırılması və mühafizəsi tələblərini, kitabxanaların maliyyələşdirilmə mənbələrini, kitabxanalardan istifadə sahəsində vətəndaşların hüquq və vəzifələrini, kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığın prinsiplərini müəyyən edir.

I FƏSİL
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

kitabxana – elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə müəssisəsi kimi çap əsərlərini və digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institut;
kitabxana işi – elm, informasiya, mədəniyyət, təhsil və tərbiyə fəaliyyəti sahəsi kimi kitabxana sisteminin təşkili və inkişafını, kitabxana fondlarının formalaşdırılmasını, hüquqi və fiziki şəxslərə kitabxana, informasiya və biblioqrafiya xidməti qaydalarını, kitabxanaçı-biblioqraf kadrların hazırlanmasını, kitabxanaların inkişafının elmi-metodik təminatını əhatə edən fəaliyyət sahəsi;
kitabxanaçı – kitabxana işi sahəsində fəaliyyət göstərən müvafiq ixtisaslı mütəxəssis;
sənəd – informasiyanın mətn, səsyazma və təsvir formasında qeydə alınan, müəyyən zaman və məkan daxilində informasiyanın verilməsi və ya qorunması məqsədini daşıyan maddi obyekt;
kitabxana fəaliyyəti – oxucuların sərbəst surətdə informasiya almaq hüququnu təmin etmək, onların kitablara, dövri nəşrlərə və kitabxana fondunu təşkil edən digər sənədlərə olan tələbatını ödəmək məqsədilə həyata keçirilən fəaliyyət;
mərkəzləşdirilmiş kitabxana sistemləri – eyni sistemə aid olan kitabxanaların vahid strukturda Könüllü birləşməsi;
kitabxana fondu – ictimai istifadə məqsədilə kitabxananın vəzifələrinə uyğun şəkildə formalaşmış çap əsərləri və digər məlumat daşıyıcılarının məcmusu.

Maddə 2. Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi

Kitabxana işi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Maddə 3. Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri

Kitabxana işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:
kitabxanalarda mühafizə olunan mədəni sərvətlərdən və informasiya vasitələrindən istifadənin hamı üçün acıq olması;
milli sərvət olan kitabxanalara dövlət qayğısı, onların fondlarının toxunulmazlığı və üstün maliyyələşdirilməsi.
Kitabxana işi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
kitabxana işinin inkişafına dair Dövlət Proqramının hazırlanması və həyata keçirilməsi;
kitabxana fəaliyyətini tənzimləyən qanunvericilik aktlarının qəbul və tətbiq edilməsi;
kitabxana işinin avtomatlaşdırılması və kitabxana fondlarının tədricən müasir informasiya daşıyıcılarına köçürülməsi, elektron mübadilə sistemlərindən (internetdən və s) istifadə və milli fondların həmin sistemlərdə əks olunması;
milli və dünya mədəniyyəti sərvətlərinə yiyələnməyə yönəldilən informasiya sisteminin yaradılması;
dövlət kitabxana fondlarının mühafizəsi və inkişafı, dövlət kitabxanalarının milli və xarici ədəbiyyatla ardıcıl təchizatı sisteminin yaradılması;
xarici ölkə kitabxanalarında saxlanılan milli sərvət hesab olunan nadir kitabların və əlyazmaların (imkan olmadıqda surətlərinin) Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması;
dövlət kitabxana binalarının tikilməsi, əsaslı təmiri, dövlət kitabxanalarının müasir avadanlıq və texniki vasitələrlə təchiz edilməsi;
kitabxana işinə dair elmi tədqiqatların və metodik tədbirlərin həyata keçirilməsinə köməklik göstərilməsi;
kitabxana kadrları hazırlayan və ya onların ixtisasının artırılmasını həyata keçirən təhsil müəssisələrinin yaradılması və fəaliyyətinin təşkili;
təbii fəlakət, silahlı münaqişə və müharibə zamanı kitabxana fondlarının mühafizəsinin təmin olunması;
qeyri-dövlət kitabxanalarının inkişafına şərait yaradılması;
kitabxana işinə dair dövlət standartlarının müəyyən olunması;
kitabxana fondlarının statistik uçotunun aparılması;

Maddə 4. Kitabxana fəaliyyətinin əsas istiqamətləri

Kitabxana fəaliyyətinin əsas istiqamətləri sənəd-informasiya fondlarının formalaşmasından, mühafizəsindən və bu materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsindən, kitabxanalarda toplanıb saxlanılan informasiya vasitələrinin mübadiləsinə imkan verən vahid informasiya məkanının yaradılmasından ibarətdir.

II FƏSİL

KİTABXANA SİSTEMİ

Maddə 5. Kitabxana sisteminin təşkilinin əsasları

Azərbaycan Respublikasında kitabxana sistemini ərazi, idarə, idarələrarası, sahəvi, sahələrarası və kompleks xidmət prinsiplərinə əsaslanan universal, ixtisaslaşdırılmış dövlət və qeyri-dövlət kitabxanaları təşkil edir.

Maddə 6. Kitabxana sisteminin tərkibi

Azərbaycan Respublikasında kitabxana sisteminin tərkibinə dövlət və qeyri-dövlət kitabxanaları daxildir.
Dövlət kitabxanalarına aşağıdakılar daxildir:
Milli Kitabxana;
Naxçıvan Muxtar Respublikasının dövlət kitabxanası;
şəhər, rayon, qəsəbə, kənd kitabxanaları (kütləvi, elmi, xüsusi kitabxanalar, gənclər, uşaqlar, korlar üçün və sair kitabxanalar) və onların filialları, mərkəzləşdirilmiş kitabxana sistemləri;
respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar;
dövlət, idarə, müəssisə və təşkilatların kitabxanaları;
Azərbaycan Elmlər Akademiyasının mərkəzi elmi kitabxanası və onun filialları;
dövlət təhsil müəssisələrinin kitabxanaları.
Qeyri-dövlət kitabxanalarına aşağıdakılar daxildir:
bələdiyyə kitabxanaları;
ictimai birliklərin kitabxanaları;
özəl və digər kitabxanalar;
xarici hüquqi və fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş kitabxanalar.

Maddə 7. Milli Kitabxana

Milli Kitabxana Azərbaycan Respublikasında kitabxana işi sahəsində dövlət siyasətini həyata keçirən, milli nəşrləri, xarici ölkələrdə nəşr olunmuş Azərbaycan haqqında və Azərbaycan müəlliflərinin əsərlərini, dünya əhəmiyyətli nəşrləri, o cümlədən xarici dillərdə qiymətli və digər məlumat daşıyıcılarını toplayıb mühafizə edən mədəniyyət xəzinəsi və dövlət kitab saxlayıcısıdır.
Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiya və kitabşünaslıq sahəsində elmi-tədqiqat işləri üzrə aparıcı müəssisə və əlaqələndirici, ölkənin bütün kitabxanaları üçün metodik mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya və informasiya xidməti göstərmək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir.
Milli Kitabxana müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir.
Milli Kitabxananın fondu və əmlakı milli sərvət hesab olunan və xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur.
Milli Kitabxana statusuna malik olan kitabxanaların işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir.
Milli Kitabxananı ləğv etmək, mülkiyyət formasını dəyişmək qadağandır.
Milli Kitabxanaya əvəzsiz və müddətsiz istifadə üçün qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahəsi verilə bilər.

Maddə 8. Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar

Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar elm sahəsinə görə ixtisaslaşdırılan, milli və xarici ədəbiyyat fondlarına malik olan baş kitabxana-biblioqrafiya və informasiya müəssisələridir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar müvafiq sahədə fəaliyyət göstərən digər kitabxanalar üçün informasiya kitabxanalararası abonement və metodik mərkəz funksiyasını yerinə yetirir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların fəaliyyəti bu Qanunla və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların, Azərbaycan Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının və onun filiallarının, Bakı Dövlət Universiteti kitabxanasının işçilərinin əmək haqlarına müvafiq əlavələr müəyyən edilir.
Respublika əhəmiyyətli elmi-sahəvi kitabxanaların statusu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddə 9. Kitabxanaların digər informasiya orqanları ilə əlaqələri

Kitabxanalar sənəd-informasiya ehtiyatlarından səmərəli istifadə məqsədilə elmi-texniki və digər informasiya orqanları, arxivlər, başqa idarə və müəssisələrlə qarşılıqlı əlaqə yaradır. Bu əlaqələr birgə fəaliyyət proqramları və müqavilələr əsasında həyata keçirilir.

Maddə 10. Kitabxanaların yaradılması və yenidən təşkili

Dövlət və qeyri-dövlət kitabxanaları Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş qaydada yaradılır və yenidən təşkil olunur.
Dövlət kitabxanalarının müvəqqəti olaraq köçürülməsinə müstəsna hallarda (təbii fəlakət, silahlı münaqişə, müharibə təhlükəsi və s) müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yol verilir.

Maddə 11. Kitabxanaların özəlləşdirilməsi və icarəyə verilməsi

Tipindən, tabeçiliyindən asılı olmayaraq Azərbaycan Respublikasında fəaliyyət göstərən kitabxanaların (kitabxanalarda saxlanılan sərvətlərin, onların yerləşdiyi binaların və sahələrin) özəlləşdirilməsi və icarəyə verilməsi profilinə müvafiq olaraq qanunvericiliyə uyğun həyata keçirilir.




III FƏSİL

KİTABXANA FONDU

Maddə 12. Kitabxana fondunun tərkibi

Kitabxana fondunun tərkibinə kitab, jurnal, qəzet, digər çap məhsulları, audiovizual və texniki vasitələrlə oxunan materiallar, əlyazmalar və başqa informasiya daşıyıcıları daxildir.
Kitabxana fondları universal, sahəvi, çoxsahəli, ixtisaslaşdırılmış ola bilər.

Maddə 13. Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu

Azərbaycan Respublikasının Dövlət Kitabxana Fondu kitabxanalararası əlaqələndirilmiş komplektləşdirmə, qarşılıqlı istifadə, depozitar mühafizə və mübadilə prinsipləri əsasında təşkil edilən, məlumat-axtarış sisteminə malik olan kitabxana fondlarından ibarətdir.
Kitabxanalarda olan nadir və qiymətli nəşrlər, xüsusi kolleksiyalar qanunvericilikdə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilir və xüsusi rejimdə mühafizə olunur. Onların mühafizəsi lazımi qaydada təmin edilmədikdə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən digər kitabxanaya verilə bilər.
Azərbaycan Respublikası Dövlət Kitabxana Fondu dövlət mülkiyyətidir.

Maddə 14. Kitabxana fondlarının təchizatı

Kitabxanalar dövlət və qeyri-dövlət nəşriyyatları tərəfindən buraxılan, profilinə uyğun çap məhsullarını və digər informasiya daşıyıcılarını birinci növbədə almaq hüququna malikdir.
Bu hüquq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada kitabxana kollektoru, kitab ticarəti müəssisələri, nəşriyyat orqanları, ayrı-ayrı şəxslərlə aparılan müvafiq əməliyyatlar, məcburi nüsxələrin alınması, abunə, bağışlanma və vərəsəlik əsasında miras qalmış nəşrlərin verilməsi, habelə beynəlxalq və ölkədaxili kitab mübadiləsi yolu ilə təmin edilir.
Təhsil müəssisələri kitabxanalarının dərsliklərlə komplektləşdirilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalarla tənzimlənir.
Müvafiq icra hakimiyyəti orqanları tabeçiliyində olan kitabxana fondlarının yeni nəşrlərlə komplektləşdirilməsinə vəsait ayırırlar.

Maddə 15. Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı

Milli Kitabxana, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanaları, respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalar və Bakı Dövlət Universitetinin kitabxanası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ölkədə nəşr edilən çap məhsullarının məcburi nüsxələrini almaq hüququna malikdir.
Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər tərəfindən buraxılan çap məhsullarından Milli Kitabxanaya 4 pulsuz məcburi nüsxə, qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına, respublika əhəmiyyətli elmi-sahəvi kitabxanalara, Azərbaycan Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına və Bakı Dövlət Universitetinin kitabxanasına profilinə uyğun olaraq 2 pulsuz nüsxə, Azərbaycan Respublikasında nəşr olunan bütün qəzet və jurnal reaksiyaları isə 2 pulsuz məcburi nüsxə göndərməlidirlər.

Maddə 16. Kitabxanaların mübadilə fondları

Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil olmayan çap məhsulları və digər materiallar müəyyən olunmuş qaydada bir kitabxanadan digərinə əvəzsiz verilə bilər.
Qeyri-profil, dublet, nisbətən az istifadə edilən, habelə mübadilə fondu üçün ayrılan çap əsərləri və kitabxananın digər sənədləri həmin fonda verilir.
Müvafiq icra hakimiyyəti orqanları beynəlxalq və ölkədaxili kitab mübadiləsini həyata keçirən kitabxanaların mübadilə fondları üçün əlavə kitab alınmasına vəsait ayırırlar.

Maddə 17. Depozitar kitabxanalar

Dövlət kitabxanalarında oxucular tərəfindən nadir hallarda istifadə edilən, lakin elmi, tarixi və bədii əhəmiyyətini saxlayan nəşrlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada depozitar fondlara verilir.

Maddə 18. Dövlət kitabxana fondlarının uçotu, mühafizəsi və onlardan istifadə edilməsi

Dövlət kitabxana fondlarında saxlanılan çap əsərlərinin və digər materialların uçotu, mühafizəsi və istifadəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydalara uyğun həyata keçirilir.

Maddə 19. Dövlət kitabxana fonduna vurulmuş ziyana görə məsuliyyət

Dövlət kitabxana fonduna vurulmuş ziyana görə hüquqi və fiziki şəxslər yeni qiymətləndirmə əmsalları nəzərə alınmaqla vurulmuş ziyanın 10 misli həcmində maddi məsuliyyət daşıyırlar.
İtirilmiş və yararsız vəziyyətə salınmış çap əsərləri və digər materiallar kitabxana ilə razılıq əsasında başqa müvafiq çap əsərləri və materiallarla əvəz edilə bilər. Bu qayda Azərbaycan Respublikasının milli-mədəni sərvətlər reyestrinə daxil edilən nadir nüsxələrə şamil edilmir.
Nadir nüsxələr fonduna uçotu, mühafizəsi və istifadə qaydalarının pozulmasına görə kitabxana işçiləri qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.



IV FƏSİL

KİTABXANA XİDMƏTİNİN TƏŞKİLİ

Maddə 20. Kitabxana xidməti və onun vəzifəsi

Kitabxanalar çap əsərlərindən və digər informasiya daşıyıcılarından səmərəli istifadə etmək məqsədilə kompleks kitabxana, biblioqrafiya və informasiya xidmətləri göstərir.
Bu xidmətlər abonentləri ədəbiyyat və informasiya ilə təmin etmək, informasiya daşıyıcılarının seçilməsində kömək göstərmək məqsədi daşıyır.
Kitabxana xidməti abonement, qiraət zalı, kitabxanalararası və beynəlxalq abonement, biblioqrafiya, elmi-texniki informasiya, fərdi və kütləvi, yazılı və şifahi, stasionar və qeyri-stasionar, qiyabi, kompleks vasitələrlə təşkil edilir.
Kitabxana xidmətinin vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir.

Maddə 21. Kitabxanaların hüquqları

Kitabxanaların hüquqları aşağıdakılardır:

Nizamnamələrində göstərilən məqsəd və vəzifələrin həyata keçirilməsi üsullarını və formalarını müəyyənləşdirmək;
kitabxana fondunun komplektləşdirmə mənbələrini müəyyənləşdirmək;
köhnəlmiş və ya yararsız hala düşmüş kitabları qanunvericilikdə müəyyən olunmuş qaydada kitabxananın fondundan çıxarmaq;
fiziki və hüquqi şəxslər tərəfindən kitabxanaya dəymiş ziyanın ödənilməsini qanunvericilikdə müəyyən olunmuş qaydada tələb etmək:
kitabxana birliklərinin yaradılmasında iştirak etmək:
beynəlxalq kitabxana təşkilatları ilə əlaqə yaratmaq, kitabxana, biblioqrafiya və informasiya sahəsində keçirilən tədbirlərdə iştirak etmək.

Maddə 22. Kitabxanaların vəzifələri

Kitabxanalar oxucuların mədəniyyət təsisatları və mədəniyyət sərvətlərindən istifadə etmək hüquqları, habelə məlumat əldə etmək azadlığını təmin etməli, onların kitabxana fondlarından tam istifadə etməsi üçün hər cür şərait yaratmalıdırlar.

Maddə 23. Kitabxanalardan istifadə sahəsində oxucuların hüquq və vəzifələri

Azərbaycan Respublikasında hər kəsin kitabxanalardan istifadə etmək hüququ vardır.
Kitabxanalardan istifadə qaydaları və göstərilən xidmətlər kitabxanaların nizamnamələri və müvafiq normativ hüquqi aktları ilə müəyyənləşdirilir.
Oxucuların kitabxanalardan istifadə hüquqlarını məhdudlaşdırmaq qadağandır.
Oxucular istifadə qaydalarına əməl etməli, kitab fonduna qayğı ilə yanaşmalı, çap materiallarının və digər vəsaitlərin itirilməsinə və ya yararsız hala salınmasına yol verməməlidirlər.

V FƏSİL

KİTABXANA İŞİNİN İDARƏ OLUNMASI

Maddə 24. Kitabxana işinə dövlət idarəetməsi

Azərbaycan Respublikasında kitabxana işinə dövlət idarəetməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 25. Kitabxana işində ictimaiyyətin iştirakı

Dövlət və qeyri-dövlət orqanları, kitabxana işi sahəsində ictimai birliklər, hüquqi və fiziki şəxslər, kitabxana fondlarının zənginləşdirilməsi, oxuculara xidmət işinin təkmilləşdirilməsi, kitabxanaçılıq proqramlarının və tədbirlərinin hazırlanması və həyata keçirilməsində iştirak edirlər.

Maddə 26. Kitabxana işinin elmi-metodik və kadr təminatı

Mülkiyyət formasından asılı olmayaraq kitabxanaların elmi-metodik təminatı Milli Kitabxana və elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar tərəfindən həyata keçirilir.
Elmi-metodik mərkəz statusuna malik olan kitabxanalar kitabşünaslığa, biblioqrafiyaya və informasiyaya dair metodik materiallar nəşr edir, kitabxanaçılıq nəzəriyyəsi və təcrübəsində mütərəqqi iş üsullarını ümumiləşdirib tətbiq edir, kadrların ixtisasının artırılmasını təmin edir.
Kitabxanaların kadr təminatında müvafiq peşə-ixtisas təhsili olan şəxslərə üstünlük verilir. Müstəsna hallarda müvafiq peşə-ixtisas təhsili olmayan, ancaq yüksək təcrübəyə və kitabxanada çoxillik iş stajına malik olan mütəxəssislər də kitabxanada işləyə bilərlər.

Maddə 27. Kitabxanaların maliyyələşdirilməsi

Dövlət kitabxanaları və büdcədən maliyyələşdirilən təşkilatların tabeçiliyində olan kitabxanalar dövlət büdcəsi vəsaitləri, hüquqi və fiziki şəxslərin könüllü ayırmaları və qanunvericilikdə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir;
Dövlət kitabxanaları maliyyələşdirilərkən büdcədən kitab fondlarının komplektləşdirilməsinə yönəldilən vəsait ayrıca maddədə göstərilməli və bu vəsait müntəzəm olaraq artırılmalıdır. Ayrılmış vəsait kitabxanaların sərəncamında qalır və onların nizamnamə fəaliyyətini həyata keçirmək üçün istifadə edilir.
İdarə, müəssisə və təşkilatların, habelə ictimai birliklərin kitabxanaları təsisçilərinin vəsaitləri hesabına maliyyələşdirilir.




Maddə 28. Dövlət kitabxanalarının büdcədənkənar vəsaitləri

Dövlət kitabxanalarının işinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və əməyin stimullaşdırılması məqsədilə nizamnamələrində göstərilən qaydada təsərrüfat fəaliyyəti və pullu xidmət əsasında büdcədənkənar fondlar formalaşdırılır.
Dövlət kitabxanalarında pullu xidmət yalnız əlavə etmək şərti tələb edən və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən xüsusi xidmət növlərinə aid edilir.

Maddə 29. Kitabxanaların inkişaf fondu

Kitabxanaların maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə dövlət və qeyri-dövlət inkişaf fondları təsis edilə bilər. Bu fondlar təsisçilərin payları, hüquq və fiziki şəxslərin könüllü ayırmaları, qanunvericilikdə müəyyən olunmuş qaydada keçirilən lotereya və digər məqsədli kommersiya tədbirlərindən daxil olan vəsaitlər hesabına yaradılır.

Maddə 30. Kitabxanaların maddi-texniki təchizatı

Kitabxanalar kitab fondunun saxlanması və oxuculara xidmət etmək üçün xüsusi layihə ilə tikilmiş binalarla kitabxana işini avtomatlaşdırmaq üçün zəruri vasitələrlə təmin edilməlidirlər.

Maddə 31. Kitabxanaların əmlakı və təsərrüfat fəaliyyəti

Kitabxana onun mülkiyyətində olan və ya idarəçiliyinə verilmiş əmlakdan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq istifadə edir.
Xidmət fəaliyyətini genişləndirmək məqsədilə dövlət kitabxanalarına torpaq sahələri və əlavə binalar ayrıla bilər.
Kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə uyğun olaraq təsərrüfat fəalliyəti ilə məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsait bütövlükdə kitabxananın sərəncamında qalır.

Maddə 32. Kitabxana işçilərinin sosial müdafiəsi

Dövlət kitabxana işçilərinin sosial müdafiəsinə təminat verir.

Kitabxana işçilərinin əmək haqları elm və təhsil sahələri işçilərinin əmək haqlarından aşağı olmamalıdır.
Kitabxanaların statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla işçilərə əmək haqqından əlavə digər ödənişlər tətbiq edilə bilər.
Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə və təşkilatlar öz tabeçiliyində olan kitabxanaların işçilərinə əlavə kompensasiyalar müəyyən edə bilərlər.
Kitabxana işçiləri öz peşə sosial hüquqlarını təmin etmək məqsədilə qanunvericilikdə müəyyən olunmuş qaydada ictimai birliklər yarada bilərlər.

VI FƏSİL

YEKUN MÜDDƏALARI

Maddə 33. Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq

Kitabxana işi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir.
Kitabxanalar və kitabxana işi sahəsində ictimai birliklər beynəlxalq kitabxana təşkilatları, xarici ölkələrin kitabxanaları və kitabxana işi sahəsində ictimai birliklər ilə əməkdaşlıq əldə edə bilərlər.

Maddə 34. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.


Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 1998-ci il
Faylı yüklə