Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Normativ hüquqi sənədlər
Azərbaycan Respublikasında kitabxana - informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı
17 May , 2016
1.1. Mövcud vəziyyət

Tarixi-mədəni, ədəbi-bədii və elmi-fəlsəfi irsin toplanıb saxlanılmasında, nəsildən-nəslə çatdırılmasında və cəmiyyətin intellektual, mənəvi potensialının inkişafında əvəzsiz rol oynayan kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi bu sahədə əsaslı islahatların aparılmasını, fondların müasir informasiya daşıyıcıları ilə zənginləşdirilməsinı, dünyanın qabaqcıl kitabxana-informasiya müəssisələrinin təcrübəsindən istifadə edilməsinı, elektron məlumat banklarının yaradılmasını, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsini zəruri edir və bütün bunlar mədəniyyət sahəsində dövlət siyasətinin əsas prioritetlərindəndir.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin kitabxana şəbəkəsində müxtəlif formada 40 milyon nüsxəyə yaxın informasiya daşıyıcıları və digər ənənəvi sənədlər qorunub saxlanılır. Son illər ərzində ölkədə kitabxana işinin inkişafı sahəsində bir sıra mühüm sənədlər qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli 56 nömrəli və “2005-2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli 562 nömrəli sərəncamları ilə təsdiq edilmiş siyahı üzrə latın qrafikası ilə nəşr olunmuş kitablar ölkənin bütün kitabxanalarına hədiyyə edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı”, “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005-2007-ci illər)” kimi mühüm sənədlərdə kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi üzrə tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulmuşdur.
Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədə baş verən hadisələr kitabxanaların da fəaliyyətinə mənfi təsir göstərmiş, kitab nəşri və kitab təchizatı sistemi tamamilə iflic vəziyyətinə düşmüş, onların maddi-texniki bazasının olduqca zəifləməsinə gətirib çıxarmışdır. Bütün bunlar kitabxana sahəsinin tənəzzülünə səbəb olmuşdur. Nəticədə kitabxanalar real və potensial oxucularını itirmiş, xeyli sayda kitabxanalar bağlanılmış, əksəriyyəti oxucu tələbatını ödəyə bilməmiş, mövcud ştat vahidləri ixtisar edilmişdir. 1990-cı ildə respublika üzrə kütləvi kitabxanaların kitab fondu 45,3 milyon, 2002-ci ildə 36,9 milyon, 2003-cü ildə 36,8 milyon nüsxəyə enmişdir. 2004-cü ildə isə bu göstərici 36,5. milyon, nüsxə təşkil etmişdir. Bunun əsas səbəbi Ermənistan silahlı qüvvələri tərəfindən respublika ərazisinin 20 faizinin işğal olunması nəticəsində 9 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, 927 kitabxananın tamamilə məhv edilməsi, kitabxanaların yeni nəşrləri almaq üçün vəsaitlə təmin edilməməsi, habelə kitabxana fondlarından məzmunca əhəmiyyətini itirmiş və mənəvi cəhətdən köhnəlmiş kitabların çıxarılması olmuşdur.
Faylı yüklə