Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
Metodiki vəsaitlər- Yanvar 2019
4 Fevral , 2019
Cəfər Cabbarlı
(Metodiki vəsait)
Mən bir susmaz duyğuyam ki... 

Mən bir susmaz duyğuyam ki...

Bəşər həyata tapınmış, o, bir yığın torpaq,

Vücudu, varlığı yüz min bəlayə bir oynaq;

Bu gün varıq da, yarın kim bilir, nələr olacaq?

Fəqət bu bir neçə söz yadigarım olsun qoy!

Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Cəfər Cabbarlının adı görkəmli klassiklərimizlə bir sırada çəkilir.XX əsrin ikinci onilliyində yaradıcılığa başlayan Cəfər Cabbarlı zəngin və hərtərəfli yaradıcılıq yolu keçərək, ədəbiyyatın həm şeir, həm dram, həm də nəsr növlərindən bacarıqla istifadə etmiş, istedadını sınamışdır.
Cəfər Cabbarlı 1899-cu ildə Xızı rayonun Xızı kəndində, yoxsul bir ailədə anadan olmuşdur. Cəfər uşaqlıqda müntəzəm təhsil ala bilməmişdir. Bir neçə il “rus-tatar” məktəbində, sonra bir il ali-ibtidai məktəbdə oxumuş, nəhayət 1917-ci ildə Bakıda politexnik (sənaye) məktəbinə daxil olmuşdu. Savadsız, adi bir kəndli qadını olan bibisi Zərnişan, aşıqvari, lirik şerlər yazardı.Cəfər Zərnişanın sadə, səmimi şeirlərini sevmiş və əzbərləmişdir. Cabbarlını ədəbiyyata, şeirə həvəsləndirən amillərdən biri, şübhəsiz ki, Zərnişanın şeirləri olmuşdur. Cabbarlı ibtidai məktəbdə oxuduğu zaman ədəbiyyata olan həvəsi daha da qüvvətlənir. O zaman, həmin məktəbdə müəllimlik edən Abdulla Şaiq, Süleyman Sani Axundov kimi görkəmli ədiblər şagirdlərdə ədəbiyyata maraq və həvəs oyadırdılar. Cabbarlı ilk qələm təcrübələrini sevimli müəllimi Abdulla Şaiqə oxuyar, ondan məsləhət alardı.Deməli, Cabbarlının şeir yaradıcılığına təsir edən amillərdən ikincisi müəllimi Abdulla Şaiqin yaradıcılığı olmuşdur.Üçüncü amil 1911-ci ildən 1920-ci ilə kimi nəşr olunmuş uşaq-gənclər məcuməsi “Məktəb” jurnalı idi ki, onun səhifələrində Cabbarlının ilk şeiri “Bahar” çap olunmuşdur.“Məktəb” jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdir. Deməli, Cəfər Cabbarlının yaradıcılığa başlanmasında “Məktəb” jurnalının müəyyən rolu olmuşdur.1915-1916-cı illərdə gənc yazıçı “Babayi-Əmir” jurnalında bir çox satirik şeirlər çap etdirmişdi.1917-ci ildə Cabbarlı öz əsərlərinin altında bu cür imza atırdı: “Bakı sənaye məktəbi şagirdi Cəfər Cabbarzadə”. Əsərləri “Qurtuluş”, “Dirilik” və “Bəsirət” kimi jurnal və qəzetlərdə dərc olunur, “Solğun çiçəklər” və “Nəsrəddin şah” adlı pyesləri həvəskarlar tərəfindən tamaşaya qoyulurdu.Cabbarlı teatr və dramaturgiya sahəsindəki biliyini təkmilləşdirmək üçün teatr məktəbində oxumuş və 1924-1925-ci illərdə bu məktəbi bitirdikdən sonra Azərbaycan Universitetinin şərq fakültəsinə daxil olmuşdu. 1924-cü ildən məşhur “Od gəlini” tragediyasını yazmağa başlamış və bu əsər üzərində dörd il ciddi işləmişdi. 1928-ci ildə tamaşaya qoyulan bu əsər Cabbarlının məfkurəvi inkişafında irəliyə doğru ciddi bir addım idi.1925-ci ildə Cabbarlı Şekspirin “Hamlet” tragediyasını tərcümə etmiş və bu əsərin tamaşaya qoyulmasında yaxından iştirak etmişdi.1928-ci ildə Cabbarlı L.N.Tolstoyun “Uşaqlıq” povestini Azərbaycan dilinə tərcümə etmişdi.Teatrda işlədiyi zaman Cabbarlı kino ilə də maraqlanır, bir müddət orada rejissor vəzifəsində çalışıb, “Hacı Qara”, “Sevil” və “Almas” filmlərinin çəkilməsinə yaxından kömək edir.Azərbaycan ədəbiyyatı və incəsənəti sahəsindəki xidmətlərinə görə Cabbarlıya 1932-ci ildə “Əməkdar incəsənət xadimi” adı verilmişdi. 1934-cü ildə Cabbarlı Sovet Yazıçılarının Birinci Ümumittifaq qurultayında iştirak etmiş, Ümumittifaq Sovet Yazıçıları İttifaqı idarə heyətinin üzvü seçilmişdi.Cabbarlı yaradıcılığının ən coşqun bir dövründə, 1934-cü il dekabr ayının 31-də ürək xəstəliyindən vəfat etdi. Cabbarlının vəfatı ilə Azərbaycan xalqı görkəmli bir sənətkarını, öz əsərləri ilə xalqını vətənə, dövlətə sədaqət ruhunda tərbiyə edən bir yazıçını itirdi.

I I. Yubiley tədbirlərinin keçirilməsi.

Azərbaycan ədəbiyyatı tarixində Cəfər Cabbarlı sənəti elə bir məşəl olmuşdur ki, onun işığı həmişə görünmüş, hərarəti ürəkləri isindirmiş, oxucu və tamaşaçıların mənəvi aləmini zənginləşdirmiş, onlara zövq ,ləzzət vermişdir. İyirmi illik bir dövrü əhatə edən yaradıcılıq fəaliyyətində Cabbarlı çox zəngin və mənalı bir yol keçmişdir. Bu yol, hər şeydən əvvəl, bir inkişaf yolu idi. Bu yol məşəqqətlə böyümüş bir kömürçü oğlunun görkəmli bir yazıçı mövqeyinə qalxması yoludur.Cəfər Cabbarlının məfkurəvi-bədii inkişafını daha aydın təsəvvür etmək üçün onun yaradıcılığını üç dövrə ayırmaq mümkündür. Birinci dövr-1915-ci ildən 1920-ci ilə qədər; ikinci dövr 1920-ci ildən 1928-ci ilə qədər; üçüncü dövr isə 1928-ci ildən 1934-cü ilə qədər davam edir.Birinci dünya müharibəsi və ondan sonra gələn Vətəndaş müharibəsi illərini əhatə edən ilk yaradıcılıq dövründə Cabbarlı “Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş”(1915), “Solğun çiçəklər” (1917), “Nəsrəddin şah”(1916-1918), “Aydın” (1919-1921) pyeslərini, “Aslan və Fərhad”(1916), “Mənsur və Sitarə” (1916) hekayələrini, bir sıra lirik və satirik şeirlərini yazmışdır.Bu dövr üçün ən səciyyəvi xüsusiyyət ondan ibarətdir ki, Cabbarlı zəhmətkeş insanın taleyi ilə dərindən maraqlanır, onun amansız istismar şəraitində cəhalət və gerilik içərsində çəkdiyi əzab və əziyyəti təsvir edir. O, bəzən insanların özünü, onların təbiətini, bəzən də mücərrəd bir şəkildə ümumən həyatı təqsirləndirir.
İlk hekayə və dramlarında Cabbarlı insanları: insaflı və insafsız, adil və zalim- deyə iki yerə bölür, insafsızlığın və ədalətsizliyin səbəbini bəzən tamahda, hərislikdə, bəzən də nadanlıqda, iradəsizlikdə görür.“Vəfalı Səriyyə” pyesində tamahkarlıq və nadanlıq üzündən ana öz doğma qızını bədbəxt etmək istəyir. Ana qızına çatacaq mal-dövlətin özgə deyil, öz dayısı oğluna qismət olması üçün Səriyyənin sevgilisi tələbə Rüstəmə ərə getməsinə mane olur. Yalnız Səriyyənin mətanəti sayəsində bədniyyətlər ifşa olunur. “Solğun çiçəklər” dramasında isə Gülnisə öz varlı ərini zəhərləyib öldürür, onun bütün mal-dövlətini öz adına saldırır, ərinin yeganə varisi olan Saranı bədbəxt edir, onun nişanlısı Bəhramı əlindən alıb, hiylə ilə öz qızı Pərini ona verir. Sara vərəmləyib ölür, Bəhram isə tutduğu işdən peşman olur, dərin bir vicdan əzabı çəkir, “yazıqlar olsun o adamın halına ki, onun vicdanı mən bədbəxtin vicdanı kimi yaralıdır, ləkəlidir!”-deyir.
“Aslan və Fərhad” hekayəsində öz yoxsul qardaşı Aslanın himayəsində böyüyüb təhsil alan Fərhad şəhvətə və eyş-işrətə uyaraq doğma qardaşına xəyanət edir, bacısını öldürür.C.Cabbarlı ədəbi janrların əksər formalarında- lirik, satirik şeir, poema, hekayə, kinossenari yazmışdır. Lakin ona ədəbi şöhrət qazandıran, şübhəsiz ki, dram əsərləri olmuşdur.Tarixi dramı olan “Nəsrəddin şah”da yazıçı ictimai münaqişəni ailə çərçivəsindən kənara çıxarır, öz qəhrəmanlarının yalnız şəxsi mənafeyini deyil, ictimai mənafeyini də təsvir edir; xalqı əsarətdə saxlayan və vətən torpağını öz şəxsi varlanması üçün bir vasitə hesab edən adamlarla tərəqqipərvər, demokrat adamların mübarizəsini göstərir.C.Cabbarlının yaradıcılığında xüsusi yer tutan “Aydın” və “Oktay Eloğlu” pyeslərinin ümumi Azərbaycan dramaturgiyasının inkişafında da özünəməxsus rolu vardır. Çünki bu pyeslərlə Azərbaycan dramaturgiyasında yeniliklə köhnəliyin mübarizəsi bir-birinə qarşı duran siniflərin mübarizəsi şəklində verilmişdir və faciə janrının ən gözəl xüsusiyyətlərini özündə əks etdirmişdir.C.Cabbarlı poeziya əsərlərində özünü axtardı, nəsrdə onun qələmi püxtələşdi, dramaturgiyada isə təkrarolunmaz bir yaradıcı şəxsiyyət kimi özünü tapdı. Müxtəlif vaxtlarda əsərlərində müəyyən bir janr əlvanlığı müşahidə edilsə də, Cabbarlı yaradıcılığının bütün rəng və çalarları ilə parladığı ən dolğun janr, şübhəsiz, dramaturgiya oldu.Cabbarlı bədii yaradıcılıq qarşısında çox yüksək ideya-estetik tələblər qoyur və əsərlərində özü həmin tələblərə müvəffəqiyyətlə cavab verirdi. Cabbarlının fikrincə, yazıçı öz qəhrəmanını yaxşı keyfiyyətlərlə nə qədər bəzəyirsə-bəzəsin, əgər o, qəhrəmanı canlı bir insan kimi bütün ehtirasları ilə göstərə bilməmişsə, bu qəhrəman sevilməyəcəkdir.Qəlbi xalqına, Şərqin qədim və zəngin mədəniyyətinə möhkəm tellərlə bağlı olan Cabbarlı köhnə quruluşun buxovlarını sındırmaqda qüdrətli müalicə üsulunu mübarizədə görmüşdü, acizliyə, süstlüyə, itaətə, ətalətə düşmən kəsilmişdi, günahsız yerə qaranlıq zindanlarda çürüyən, bir tikə çörək həsrətilə zarıyanların halına yanmışdı, məktəbin-maarifin vaxtı gəlib çatdığını diqqət mərkəzinə çəkmişdi.Cəfər Cabbarlının elmə, məktəbə çağırışı satirik şerlərindən başlayır və sonrakı əsərlərində bu ideya genişlənir, öz ifadəsini yeni bədii formalarda tapır. O, elm və ədəb öyrətməkdə məktəbin və müəllimin rolunu yüksək qiymətləndirir. İlk dəfə “Məktəb” jurnalının səhifələrində şeirlərini çap etdirən və bununla ədəbiyyat aləminə qədəm qoyan Cabbarlı “Olmağa”, “Qaç baba!”, “Dübarə, səbarə”, “Arzu”, “Demədim?” və bu kimi satiralarında məktəb və savad məsələsinə toxunmuş, maarifin tərəqqisinə mane olanları kəskin tənqid atəşinə tutmuşdur.
Qızların məktəbə cəlb edilməsinə xüsusi fikir verən Cəfər Cabbarlı “Demədim?” satirasında azərbaycanlı qızların halına acıyır və çox sadə, səmimi şəkildə ,lakin daxili bir qəzəblə tipin dili ilə bunu ifadə edir:

Qız hara, məktəb hara,
dərsü qələmdan hara?

Elm hara?Bilgi hara?
Fatma,Tükəzban hara?

Ay canım arvad hara?
Zümreyi-insan hara?

XIX əsr Azərbaycan ədəbiyyatında əsas mövzulardan biri olan maarif məsələsi Cəfər Cabbarlıda ictimai həyatla bilavasitə bağlı olaraq, həmişə inkişafda və hərəkətdə təsvir edilmişdir. Onun maarifpərvər qadın surətləri kişilərə nisbətən passiv etirazdan başlayaraq, fəal etiraza, ictimai mübarizəyə qədər yüksəlir. Elm və mədəniyyətin insan həyatındakı rolunu təsvir edən Cabbarlı “Mənsur və Sitarə”də Mənsur, “Firuzə”də Firuzə,”Dönüş”də Gülsabah, “Müfəttiş”də Həmid, “Yaşarda”da Yaşar və başqa bu kimi ziyalı obrazlar yaratmışdır.Dramaturqun bədii surətləri estetik zövqə səbəb olan, xalqın adət və ənənələrinə biganə qalmayan, dərin, realist qaynaqlardan süzülüb gələn, klassik ədəbiyyatın çağlayan çeşməsindən su içib boy atan, ictimai təsirə malik obrazlardır. Onun Solmaz, Almas, Gültəkin, Gülər, Sara, Səriyyə, Sona, Sitarə, Firuzə, Firəngiz, Yaşar, Yaxşı, Baxşı, Elxan, Oqtay, Aydın, İmamverdi, Allahverdi, Toğrul, Barat və başqaları uzun illərin təcrübəsinə malik bir müəllimin tərbiyə etdiyi müxtəıif xarakterli, əqidəli insanların nümayəndələridir. Bütün bunlar bir daha təsdiqləyir ki, Cabbarlı ölməz əsərləri ilə bir tərbiyyəçi kimi insan xarakterində istədiyi dəyişikliyi aparmağı bacaran psixoloqdur.Cəfər Cabbarlı gəncliyə, böyüməkdə olan nəslə həmişə hörmət və ehtiram bəsləmiş, bədii əsərlərində buna cavab verməyə çalışmışdır. Xüsusilə gənc müəllimlərin həyatı, işi və üsulu onun diqqət yetirdiyi zəruri sahə olmuşdur.Gəncliyin qarşısında daha böyük vəzifələr qoyan, onları öyrənməyə, yeni elmi kəşflər etməyə, daim axtarmağa, müəllimin dediklərilə kifayətlənməməyə çağıran ədib “Dönüş” pyesində yazır: “Müəllimin öyrətdiyi tələbə üçün pozulmaz bir qanun olursa, həyat irəliləməz. Bu, həyatın dialektikasıdır”Cəfər Cabbarlı ədəbiyyatımıza təbii, mübariz müəllim surətləri gətirmişdir. O, qüdrətli sənətkar qələmi ilə öz əsərlərində Azərbaycan xalqının həyat və məişətini, maarif və mədəniyyətini, onun tarixini, öz dövrünün yüksəlişini məharətlə təsvir etmişdir.
Bu nöqteyi-nəzərdən Cəfər Cabbarlı bu gün də, gələcəkdə də bizim yeni nəsillərin həyat müəllimlərindən biri olaraq yaşayır, yaşayacaqdır. Oxucuların çoxu əlinə təzə kitab alar-almaz, yeni imzalarla maraqlanır, yaradıcılığına bələd olduğu müəlliflərin tanış və sevimli əsərləri ilə yanaşı, onların da bədii təfəkkürünün yeni məhsullarını arayıb mütaliə etmək istəyir. Lakin klassik və müasir ədəbi irsin illərin sınağından çıxmış elə görkəmli nümunələri var ki, hətta bu cür yenilik təşnəsi olanlar üçün də heç zaman köhnəlmir, yüksək bədiiliklə ifadə olunmuş fikir öz bədii təravətini qoruyub saxlayır. Qüdrətli Azərbaycan dramaturqu Cəfər Cabbarlının həcmcə o qədər də böyük olmayan irsi məhz belə nümunələrdəndir. Onun təkrarsız sənəti ilə hər bir görüş, hər bir təmas oxucuda və tamaşaçıda yeni intibahlar oyadır, ürəklərə və beyinlərə qida verir, həyatın irəli sürdüyü növ-növ suallara cavab tapmaqda kömək edir, parlaq xarakterli qəhrəmanların ardınca qoşmağa səsləyir.Cəfər Cabbarlının yaradıcılığı ilə oxucuları yaxından tanış etmək üçün kitab sərgisinin təşkil edilməsi məqsədəuyğundur. Sərgini “Bahar oğlu”, “Böyük sənətkar”, “Ədəbiyyatımızın fəxri”, “Cəfər Cabbarlı-115” başlıqlı sərgilər tərtib etmək olar.

1.Başlıq-“Bahar oğlu”.

2.Portiret və səhnələşdirilmiş əsərlərindən olan şəkillər.

3.Yarım başlıq-Seçilmiş əsərləri.

4.Yarım başlıq-ayrı-ayrı kitabları.

5.Yarım başlıq-haqqında olan ədəbiyyat.

Sərgidə verilmiş sitatlar:

1.Cəfər Cabbarlı Azərbaycan səhnəsinin ən parlaq yaradıcısı idi.
Hüseyn Cavid.

2.Məncə, CəfərCabbarlı sənəti bizim mədəniyyətimizin qəhqəhə pilləsidir.
Səməd Vurğun.

3.Fəqət ölən deyil onun sənəti,

Bağlamış adına əbədiyyəti.
Mikayıl Müşfiq.

Rəsm sərgisi: Cəfər Cabbarlının tamaşaya qoyulmuş əsərlərindən fotolar.
Dövrü mətbuatda çap olunan məqalələrin kartotekası.Kitabxanada Cəfər Cabbarlı irsini oxucular arasında təbliği üçün keçiriləcək tədbirlərdən biri də şeir müsabiqəsidir. Şeir müsabiqəsi oxucuların ən çox sevdiyi tədbirlərdən biridir. Kitabxanada keçirilməsi nəzərdə tutulan tədbirlərdən biri də ədəbi-bədii gecədir.Orta və böyük yaşlı oxucularla Cəfər Cabbarlıya həsr edilmiş ədəbi-bədii gecənin keçirilməsi məqsədəuyğun olar. Bu tədbirə təxminən iki ay əvvəl hazırlaşmaq məsləhət görülür. Gecəni keçirtmək üçün qabaqcadan hazırlıq işləri görülməlidir. Tədbir üçün plan tərtib edilməlidir. Tədbir iki hissədən ibarət olur.Tədbirin birinci hissəsi çıxışlar, məruzələrlə başlanır. Gecəyə dəvət olunan qonaqların çıxışları dinlənildikdən sonra tədbirin ikinci hissəsi başlanır. İkinci hissədə Cəfər Cabbarlının şeirləri söylənilir, hekayələrindən bir parça oxunulur, dram əsərlərindən səhnəciklər göstərilir.Gecənin təxmini planını veririk:


1.Giriş sözü. /kitabxanaçı/

2.Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında ./ məruzə/

3.Gecəyə dəvət olunan qonaqların çıxışları.

4.Dram əsərlərində səhnəciklər./fəal oxucuların çıxışları/

5.Şeirlərindən parçalar söyləmək./fəal oxucuların çıxışları/


Ədəbiyyat siyahısı:


1.Cəfər. Cabbarlı .Əsərləri 4 cilddə. C.1.-B.:Şərq-Qərb, 2005.

2.Cəfər.Cabbarlı. Əsərləri 4cilddə. C.2.-B.:Şərq-Qərb, 2005.

3.Cəfər.Cabbarlı. Əsərləri 4cilddə. C.3.-B.:Şərq-Qərb,2005.

4.Cəfər.Cabbarlı.Əsərləri 4cilddə. C.4.-B.:Şərq-Qərb,2005.

5.Cəfər Cabbarlı Ey dan ulduzu. Lirika,hekayələr,pyeslər.-B.:Yazıçı,1979.


Haqqında:

Azərbaycan ədəbiyyatı tarixi.3 cild. C.3.B.: Asərnəşr,1957.

Böyük sənətkar.Xatirələr.B.: Gənclik,1976.

M.Cəfərov.Sənət yollarında. B.:Gənclik,1975.

M. Paşayev.Cəfər Cabbarlı arxivinin təsviri. B.: Azərnəşr, 1965.

V.Osmanlı.Azərbaycan romantikləri. B.:Yazıçı,1985.

M.Səfərov.Cəfər Cabbarlı yaradıcılığında məktəb və müəllim. B.: Maarif, 1994.

M. Əlioğlu.Darıxan adamlar. 1-ci cild .B.: Təhsil, 2009.

Məktəblinin ədəbiyyat lüğəti.- B.:Ayna Mətbu Evi, 2007.

Azərbaycan yazıçılarının həyatından dəqiqələr. - B.:Gənclik,1979.
Faylı yüklə