Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
Əli Tudə- 95. (Metodiki vəsait).
25 Yanvar , 2019
Əli Tudə- 95.
(Metodiki vəsait).
Əli Qulu oğlu Cavadzadə (Əli Tudə) 1924-cü il yanvar ayının 31- də Bakı şəhərində anadan olmuşdur. Burada 150 saylı orta məktəbin yeddinci sinfini bitirmiş, ailəliklə Cənubi Azərbaycana köçdüklərindən təhsil ala bilməmişdir.Lakin şəxsi mütaliəsi, ədəbiyyata güclü meyli onda yazıb-yaratmaq həvəsi oyatmışdır.Sovet Ordusunun döyüş hünərindən bəhs edən ilk şeirini 1944-cü ildə “Vətən yolunda” qəzetində “Əli Tudə” imzası ilə çap etdirmişdir.Təbrizin şairlər məclisində ona “Tudə” - yəni “Xalq” təxəllüsü verilmişdir.1944 - 1946-cı illərdə şeirləri Ərdəbildə çıxan “Ziddi-faşist”, “Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şəfəq”, “Azərbaycan” məcmuələrində, “Şairlər məclisi” almanaxında müntəzəm çap olunmuşdur.1944-cü ildə o, “Hizbitudeyi İran” partiyasının üzvü olmuşdur. Bir ildən sonra, 1945-ci il sentyabrın 3-də Təbrizdə yaranan Azərbaycan Demokrat Firqəsi sıralarına daxil olmuş, 1944-1945-ci illərdə İran Xalq Partiyası Ərdəbil Vilayət Komitəsində təbliğatçı, 1945-1946-cı illərdə Milli hökumət yarandıqdan sonra Təbrizdə Maarif Nazirliyi Tədris şöbəsinin müdiri, 1946-cı ildə Təbriz Dövlət Filar- moniyasının direktoru vəzifələrində çalışmışdır. Milli demokratik hökumətin süqutundan sonra, Bakıya mühacirət etmiş, “Ədəbiyyat qəzeti” redaksiyasında ədəbi işçi vəzifəsində işləmişdir. 1947-1952-ci illərdə ADU-nun (indiki BDU) filologiya fakültəsində təhsil almış və universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1952-1962-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında redaktor, Ali Partiya Məktəbində müavin, “Azərbaycan” qəzetində (Azərbaycan demokratik firqəsinin orqanı) ədəbi şöbə müdiri olmuşdur. “Cənub nəğmələri” adlı ilk şeirlər kitabı “Azərnəşr” tərəfindən 1950- ci ildə buraxılmışdır. 1951-ci ildə “Azərnəşr” tərəfindən “Vətən sevgisi”, 1952-ci ildə “Uşaqgəncnəşr”də “Məhbusların son sözü” adlı poeması, 1953-cü ildə “Azərnəşr” tərəfindən “Şimal həsrəti” adlı kitabı, 1954-cü ildə “Arazın o tayında” poeması, 1955- ci ildə “Şeirlər”, 1956-cı ildə “Şairin düşüncələri”, 1960-cı ildə “Qəzəb”, 1964-cü ildə “Buludlar”, 1968-ci ildə “Seçilmiş əsərlər”i, 1973-cü ildə “Sevinc”, 1974-cü ildə “Şəlalə” adlı şeirlər kitabı, 1978-ci ildə “Həyat sınağı”, 1983-cü ildə “Günəşli baharın yarpaqları”, 1988-ci ildə “Gecikmiş vüsal”, 1990-cı ildə “Mənə elə baxma” adlı kitabları nəşr olunmuşdur. 1958-ci ildə Yazıçılar Birliyinin üzvü, 1960-cı ildən Birliyin İdarə Heyətinin üzvü seçilmişdir. 1962-ci ildə Vilyam Şekspirin “Seçilmiş əsərlər”ini, “Şıltaq qızın yumşalması”nı, 1963-cü ildə Rabindranat Taqorun “Seçilmiş əsərlər”ini tərcümə etmişdir. Moskvada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə, Tbilisidə SSRİ Yazıçılar İttifaqının plenumunda və s. ümumittifaq tədbirlərində iştirak etmişdir. Şair 1946-cı ildə “21 Azər”, 1959-cu ildə “Əməkdə fərqlənməyə görə” medalları, 1984-cü ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.1986- cı ildə “Əmək veteranı”, 1987-ci ildə “Əməkdar incəsənət xadimi” fəxri adlarına layiq görülmüşdür. Əli Tudə 1996-cı il fevral ayının 26-da Bakıda vəfat etmiş, II Fəxri Xiyabanda dəfn olunmuşdu.
Faylı yüklə