Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
Məhəmməd Əmin Rəsulzadə-135. (Metodiki vəsait).
28 Yanvar , 2019
Məhəmməd Əmin Rəsulzadə-135.
(Metodiki vəsait).
Məhəmməd Əmin Rəsulzadə 1884 - cü il yanvar ayının 31-də Bakının Novxanı kəndində ruhani ailəsində anadan olmuşdur. O, ev tərbiyəsi görmüş, heç bir xüsusi təhsil almamışdır. Ancaq bir neçə il texniki (sənət) məktəbdə oxumuşdur.Əmək fəaliyyətinə “Kaspi” qəzetində mürəttib kimi başlamış və burada həyat məktəbi keçmişdir. “Müxəmməs” adlı ilk əsəri 1903-cü ildə Tiflisdə Məmməd ağa Şaxtaxtinskinin nəşr etdirdiyi “Şərqi Rus” qəzetində çap olunmuşdur.Ə.Rəsulzadənin Əli bəy Hüseynzadənin redaktor olduğu “Füyuzat”, həmçinin Əhməd bəy Ağayevin redaktorluğu ilə çıxan “İrşad” və “Tərəqqi” qəzetlərində müxtəlif mövzularda məqalələri çap olunmuşdur. 1904-cü ilin axırlarından “Hümmət” təşkilatında, 1908-1910-cu illərdə İran inqilabında fəal iştirak etmiş, 1908-ci ildə İran tarixində ilk dəfə nəşr olunan “İrani new” (“Yeni İran”) adlı gündəlik qəzet buraxdırmış və qəzetin baş redaktoru olmuşdur. 1911-ci ildə M.Ə.Rəsulzadə İstanbula getmək məcburiyyətində qalmışdır. Həmin illərdə Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu və Yusif Akçüralı da İstanbulda idilər.1913-cü ildə elan edilən siyasi amnistiyadan istifadə edən M.Ə.Rəsulzadə Bakıya qayıtmışdır.Burada Müsavat partiyasına daxil olmuş və partiyanın rəhbərliyini əlinə almağa çalışmışdır. 1915-ci ildə nəşr etdirdiyi “Açıq söz” qəzetində türkçülük ideyasını irəli sürmüşdür. 1917-ci il inqilabı zamanı Bakıda toplanan Müsavat partiyasının qurultayında M.Ə.Rəsulzadə partiyanın lideri seçilmişdir.Həmin ildə partiyanın proqramında Azərbaycanın muxtariyyəti nəzərdə tutulurdu.Rusiyada bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra üç respublikadan (Azərbaycan, Gürcüstan, Ermənistan) ibarət Zaqafqaziya Seymi yaradılmışdır.Bu qurumda M.Ə.Rəsulzadə çox fəallıq göstərmiş, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında xüsusi xidmətlər göstərmişdir. O, 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etmiş və Milli Şuranın sədri olmuşdur. 1920-ci il aprelin 27-də Azərbaycan Qızıl Ordu tərəfindən işğal edildikdən sonra M.Ə.Rəsulzadə bir çox siyasi xadimlərlə birlikdə həbs olunmuşdur. Bu zaman Stalin Bakıya gəlmiş, Məhəmməd Əmini həbsdən azad etdirmiş və onu Moskvaya aparmışdır.M.Ə.Rəsulzadə iki il Moskvada yaşadıqdan sonra 1922-ci ildə Moskvadan Finlandiyaya qaçmış və oradan da İstanbula gəlmiş və onun bundan sonrakı ömrü mühacirətdə keçmişdir.O, 1931- ci ildə Polşaya köçmüş və 1947-ci ilin sentyabrına qədər müxtəlif Avropa ölkələrində yaşayan M.Ə.Rəsulzadə həmin il yenidən Türkiyəyə dönmüş və ömrünün axırına qədər Ankarada yaşamışdır. M.Ə.Rəsulzadə 1955-ci il mart ayının 6-da Ankarada vəfat etmiş və Əzri qəbiristanlığında dəfn olunmuşdur.
Faylı yüklə