Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
Cəlil Məmmədquluzadə - 150. (Metodiki vəsait).
20 Fevral , 2019
Cəlil Məmmədquluzadə - 150.
(Metodiki vəsait).
Cəlil Məmmədqulu oğlu Məmmədquluzadə 1869-cu il fevral ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 1887-ci il iyun ayının 7-də Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, 1887-1897-ci illərdə İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir. İlk məlum bədii əsəri sayılan “Çay dəsgahı” alleqorik pyesini və “Danabaş kəndinin əhvalatları” povestini bu dövrdə yazmışdır. 1895-ci ilin yayında Moskva və Sankt-Peterburqa getmiş, bu şəhərlərin mədəni həyatı ilə tanış olmuşdur. 1904-cü ildən Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin redaksiyasında işləmişdir. Onun yazıçı və jurnalist kimi püxtələşməsində “Şərqi-Rus” qəzetinin və onun redaktoru M.Şahtaxtlının mühüm rolu olmuşdur. 1904-cü ilin noyabrından Cəlil Məmmədquluzadə “Şərqi-Rus” qəzetinin müvəqqəti redaktoru olmuşdur. 1905-ci ilin əvvəllərində qəzet bağlananda jurnalist Ömər Faiq Nemanzadə və maarifpərvər tacir M.Bağırzadə ilə birlikdə bu qəzetin mətbəəsini alıb ona “Qeyrət” adı vermişdir. 1905-1907-ci illərdə ilk kitabçaları (“Poçt qutusu”, “Usta Zeynal”, “Qurbanəli bəy”, “İranda hürriyyət”) bu mətbəədə nəşr olunmuşdur. Həmin ildə Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün məktəb və pansion açmışdır. 1906-cı il aprel ayının 7-də, Tiflisdə “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxmışdır. Müəyyən fasilələrlə nəşr olunan jurnal 1906 - 1918-ci illərdə Tiflisdə, 1920-1921-ci illərdə 8 nömrə ilə Təbrizdə, 1922-1931- ci illərdə isə Bakıda nəşr olunmuşdur. “Molla Nəsrəddin” jurnalının nəşrinə başlamaqla Cəlil Məmmədquluzadə Azərbaycanda, eləcə də Yaxın Şərqdə satirik jurnalistikanın əsasını qoymuşdur. Cəlil Məmmədquluzadə “Yeni yol” qəzetinin redaktoru, Ümumittifaq Mərkəzi Yeni Əlifba Komitəsinin üzvü, Bakı Azad Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olmuş, “Maarif və mədəniyyət”, “Yeni kənd”, “Şərq qadını” və s. mətbuat orqanlarında fəaliyyət göstərmişdir. Onun “Poçt qutusu”, “Usta Zeynal”, “İranda hürriyyət”, “Qurbanəli bəy” kimi hekayələri, məşhur “Ölülər” komediyası Azərbaycan realizmi və satirası tarixində şərəfli yer tutur. Yaradıcılığında milli şüur (“Anamın kitabı”, 1919), məktəb tərbiyəsi, ümumiyyətlə xalq maarifi (“Danabaş kəndinin məktəbi”, 1921) problemlərinə geniş yer verilmişdir. “Dəli yığıncağı” (1936-cı ildə nəşr olunmuş, 1977-ci ildə tamaşaya qoyulmuşdur) pyesində feodal-patriarxal münasibətlər, din və fanatizm kəskin tənqid atəşinə tutulmuşdur. Nasir, dramaturq Cəlil Məmmədquluzadə, eyni zamanda, dövrünün istedadlı, fəal, məşhur publisisti idi. İlk məqaləsini 1902-ci ildə “Kaspi” qəzetində nəşr etdirən ədib bu sahədə otuz il çalışmışdır. Cəlil Məmmədquluzadə tərcümə yaradıcılığı ilə də məşğul olmuşdur. Böyük ədib Lev Tolstoyun “Zəhmət, ölüm və naxoşluq” (“ŞərqiRus”, 21 yanvar 1904, №7) əsərini, Xanzadənin “Arvad” (“Şərqi-Rus”, 30 may, 2 iyun 1904, №63-64) hekayəsini rus dilindən, Marağalı Zeynalabdinin “Səyahətnameyi – İbrahim bəy” romanından “Ağalar” (“Molla Nəsrəddin” , 1906, №17) sərlövhəli bir parçanı fars dilindən Azərbaycan dilinə tərcümə edərək bu sahədə də öz xidmətini göstərmişdir. Ulu öndər Heydər Əliyev böyük Mirzə Cəlil və onun «Molla Nəsrəddin»inə belə dəyər vermişdir: «Biz Cəlil Məmmədquluzadəyə sadəcə bir ədəbiyyatçı kimi, yazıçı kimi, publisist kimi yox, eyni zamanda böyük ictimai xadim və böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır. Bu, təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, ictimai həyatımızda da böyük xidmətdir»Cəlil Məmmədquluzadə 1932-ci il yanvar ayının 4-də Bakı şəhərində vəfat etmişdir. Məzarı Fəxri Xiyabandadır.
Faylı yüklə