Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
Cəfər Cabbarlı-120. (Metodiki vəsait).
17 Mart , 2019
Cəfər Cabbarlı-120.
(Metodiki vəsait).
Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il mart ayının 22-də Xızı kəndində (indiki Xızı rayonu) anadan olmuşdur. İlk təhsilini Bakıda molla məktəbində almış, 1905-ci ildə 7 saylı türk-rus (rus-tatar), 1908-ci ildə Bakıda Alekseyev adına 3-cü ali-ibtidai məktəbdə oxumuşdur. İlk müəllimləri görkəmli pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev olmuşdur. 1990-cı ilin əvvəllərinə qədər belə hesab edilirdi ki, Cabbarlının ilk mənzuməsi 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində çap olunmuş “Bahar” şeiridir. Lakin dramaturqun əsərlərini son illərdə tədqiq edən tədqiqatçı-alim Asif Rüstəmli C.Cabbarlının ilk lirik və satirik şeirlərinin “Həqiqəti-Əfkar” qəzetinin 5 noyabr 1911-ci il 2-ci nömrəsində dərc edilmiş “Eşidənlərə” və “Şücaətim” şeirləri olduğunu qeyd etmişdir. 1915-1920-ci illərdə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsində təhsil almış, 1920-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tibb fakültəsinə daxil olmuş, lakin bu sənət onu maraqlandırmadığından ərizə yazıb həmin fakültədən çıxmışdır. 1923-cü ilin sentyabrından səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlamışdır. Eyni zamanda 1924-cü ildə Azəraycan Dövlət Universitetinin (indiki BDU) Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirmişdir. 1920-ci ilin ikinci yarısından “Kommunist” (indiki “Xalq qəzeti”) qəzetində ədəbi işçi və tərcüməçi vəzifələrində çalışmış, 1929-cu ildə isə Milli Dram Teatrında ədəbi hissə müdiri işləmişdir. C.Cabbarlı Azərbaycan dramaturgiyasında realizmin banisi sayılır. O, “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş” (1915), “Bakı müharibəsi” (1918-1919), “Aydın” (1919), “Oqtay Eloğlu” (1922), “Sevil” (1928), “Almaz” (1930), “1905-ci ildə” (1931), “Yaşar” (1932) və s. dramlarını yazmışdır. C.Cabbarlının “Əfqanıstan” və “İncə” adlı tamamlanmamış pyesləri də vardır. Dramaturq kiçikhəcmli, birpərdəli “Bozbaş qazanı” (1924), “Təzə peşə” (1925), “Yaylağa gedir” (1925), “Doktor gedə bilməz” (1925), “2000 pərdə” və “2000 gecə” (ikisi də 1927-ci ildə yazılmışdır) vodevil, məsxərə və pyeslərini də yazmışdır. Yazıçı Reynqold Qliyerin “Şahsənəm”, Anton Mailyanın “Səfa” operalarının librettolarını, “Hacı Qara”, “Sevil”, “1905-ci ildə”, “Almaz”, “Ölülər” kinossenarilərini yazmış, özünün hekayəsi əsasında işlədiyi “Sitarə” opera librettosu isə yarımçıq qalmışdır.1933-cü ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. Cəfər Cabbarlı 1934-cü il dekabr ayının 31-də ürək çatışmazlığından vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Faylı yüklə