Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
İsmayıl Şıxlı-100. (Metodiki vəsait).
19 Mart , 2019
İsmayıl Şıxlı-100.
(Metodiki vəsait).
1919-cu il mart ayının 22- də Qazax rayonunun II Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirdikdən sonra, 1933-1936-cı illərdə Qazax Pedaqoji Məktəbində təhsil almışdır. 1937-1941-ci illərdə APİ-nin (indiki ADPU-nin) dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir. 1941-1942-ci illərdə Kosalar kəndində dərs hissə müdiri işləmiş, lakin ikinci dünya müharibəsi başlandıqda Sovet ordusunun tərkibində ön cəbhələrdə - Şimali Qafqazda, Krımda, III Belorusiya cəbhəsində, Şərqi Prus- siya hissəsində sıravi əsgər kimi vuruşmuşdur. Müharibədən tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir. İsmayıl Şıxlı 1946-1949-cu illərdə APİ-nin filologiya fakültəsinin aspirantı olmuş, müəllim, baş müəllim, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri kimi fəaliyyət göstərmişdir. O, 1954-cü ildə filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1949-cu ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 1965-1968-ci illərdə İttifaqın katibi, 1976-1978-ci illərdə “Azərbaycan” jurnalının baş redaktoru, 1981-1987-ci illərdə AYİ-nın I katibi, 1981-1987-ci illərdə SSRİ Yazıçılar İttifaqının katibi kimi çalışmışdır. 1986- cı ildə Azərbaycan Yazıçılar İttifaqının sədri seçilmişdir. 1986-1990-cı illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir. Ədəbi yaradıcılığa “Quşlar” şeiri ilə başlamış, lakin tez bir zamanda yaradıcılığını nəsrlə davam etdirmişdir. O, ard-arda “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazmışdır. Xalqın yaratdığı əfsanə və rəvayətlərin motivləri əsasında “Məni itirməyin”, “Sapı özümüzdəndir”, “Sənə aslanım deyən”, “Dəvəçi”, “Şahın oğlu”, “İlğım”, “Ruzu”, “Keçəçi”, “Bəs zınqırovu kim asacaq?”, “Xasiyyətimdir”, “Xoruzbeçə”, “Belə məmləkətdə” əfsanə və rəvayətlərini yazmışdır. İsmayıl Şıxlı 1970-ci ildə nəşr edilən “XVIII əsr xarici ədəbiyyat tarixi”, 1974- cü ildə “XX əsr xarici ədəbiyyat tarixi” adlı dərs vəsaitlərinin müəllifidir. O, tərcümə ədəbiyyatına da xüsusi fikir verərək 1964-cü ildə “XIX əsr xarici ədəbiyyat tarixi”ni, 1980-ci ildə XIX əsr fransız yazıçısı Gi de Mopas- sanın hekayələrini rus dilindən, 1988- ci ildə Əziz Nesinin “Taxtalıköydən məktublar” sərlövhəli satirik hekayəsini türk dilindən Azərbaycan dilinə tərcümə edərək çap etdirmişdir. Yazıçı xidmətlərinə görə 1945-ci ildə “Qızıl ulduz”, 1971-ci ildə “Şərəf nişa- nı”, 1973-cü ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı, 1976-cı ildə “Azərbaycan komsomolu mükafatı” laureatı olmuş, 1979-cu ildə “Qırmızı əmək bayrağı”, 1985-ci ildə “II dərəcəli Böyük Vətən müharibəsi” orden və medalları ilə təltif olunmuşdur.1984-cü ildə Azərbaycanın “Xalq yazıçısı” fəxri adına layiq görülmüşdür.1991-ci ildə “M.F.Axundov adına ədəbi mükafat” laureatı olmuş, 1994-cü ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. İsmayıl Şıxlı 1995-ci il iyul ayının 26-da vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.
Faylı yüklə