Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
Zeynal Xəlil-105. (Metodiki vəsait).
22 Mart , 2019
Zeynal Xəlil-105.
(Metodiki vəsait).
Zeynal Rza oğlu Xəlilov (Zeynal Xəlil) 1914-cü il mart ayının 23-də Gəncə şəhərində papaqçı ailəsində anadan olmuşdur. Gəncədəki yeddiillik məktəbi bitirdikdən sonra pedaqoji fəhlə fakültəsində, daha sonra 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki ADPU) təhsil almışdır. Ali məktəbi bitirdikdən sonra Qasım İs- mayılov rayonunun (indiki Goranboy) Goranboy kəndində orta məktəb müdiri vəzifəsində çalışmışdır. “Yeni kənd” adlı ilk mətbu şeiri 1936-cı ildə “Hücum” adlı jurnal- da, daha sonra şeirləri “Gənc işçi”, “Ədəbiyyat qəzeti” və “Hücum” jurnallarında dərc olunmuşdur. “İstək” adlı şeirlər məcmuəsi 1936-cı ildə ildə nəşr olunmuşdur. 1941-1942-ci illərdə cəbhədə vuruşmuş, ağır yaralandıqdan sonra vətənə qayıtmışdır. 1938-1939-cu illərdə İncəsənət Muzeyinin direktoru, 1939-1945-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının Rəyasət Heyətinin məsul katibi, 1945-1948-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının müdiri, 1947-1950-ci illərdə isə Azərbaycanın Xarici Ölkələrlə Mədəni Əlaqələr Cəmiyyətində sədr müavini, 1950-1951-ci illərdə Azərbaycan SSR Siyasi və Elmi Bilikləri Yayan Cəmiyyətin redaktoru, sonra məsul katibi, 1951-1952-ci illərdə Azərnəşrdə redaktor, 1952-1956-cı illərdə Azərbaycan SSR Radio Komitəsində bədii verilişlər üzrə məsləhətçi, 1956-1958-ci illərdə Azərbaycan Yazıçılar İttifaqında dramaturgiya üzrə məsləhətçi, 1960-1963- cü illərdə Azərbaycan Mədəniyyət Nazirliyi İncəsənət İşləri İdarəsinin rəisi, 1963-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışmışdır. İstedadlı şair, dramaturq və tərcüməçi kimi tanınmış Zeynal Xəlilin ədəbi irsi zəngindir. Onun yüzlərlə lirik şeiri, 14 poeması, 1 mənzum romanı, 5 dramı, ədəbiyyat və sənətin müxtəlif məsələlərinə dair tənqidi-publisistik məqalələri, rus və dünya ədəbiyyatı klassiklərindən tərcümələri vardır. Sağlığında 22 kitabı işıq üzü görmüşdür. 1940-cı ildə “Qılınc” poe- ması, 1941-ci ildə “Qatır Məmməd”, 1942-ci ildə “Tatyana”, 1943-cü ildə “Düşüncələr”, 1947-ci ildə “Etibar”, 1949-cu ildə “Arzular”, “Qələbə”, 1954-cü ildə “Gənc ustalar”, 1955-ci ildə “Lalə”, 1956-cı ildə “Bənövşə”, 1972-ci ildə “Günəş, dəniz və insan” adlı kitabları çap olunmuşdur. “Qatır Məmməd” pyesi motivləri əsasında 1974-cü ildə bədii film çəkilmişdir. Vəfatından sonra 3 kitabı - 1975-ci ildə “Dünya, ey gözəl dünya”, 1978- ci ildə “Əsrim, taleyim mənim” adlı şeirlər kitabı və 2004-cü ildə Prezidentin sərəncamı ilə çap edilmişdir. 2000-ci ildə Tehranda “Əsrim, taleyim mənim” adlı şeirlər kitabı latın qrafikası və əski əlifba ilə Azərbaycan dilində nəşr olunmuşdur. 1941-1942-ci illərdə göstərdiyi rəşadətə görə “Qafqazın müdafiəsinə görə”, “1941-1945-ci illər ikinci Dünya müharibəsində fədakar əməyə görə”, “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunmuşdur. “Şərəf nişanı” ordeni ilə təltif olunmuş, 1964- cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür. Zeynal Xəlil 1973-cü il avqust ayının 11-də vəfat etmişdir.
Faylı yüklə