Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
Çingiz Abdullayеv - 60. (Metodiki vəsait).
4 Aprel , 2019
Çingiz Abdullayеv - 60.
(Metodiki vəsait).
Çingiz Akif oğlu Abdullayev 1959-cu il aprel ayının 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini 189 saylı şəhər məktəbində almış, 1976-cı ildə ADU-nun (indiki BDU) hüquq fakültəsinə daxil olmuşdur. 1981-ci ildən Bakı İstehsalat Birliyində hüquq məsləhətçisi, böyük hüquq məsləhətçisi və şöbə rəisi kimi çalışmışdır. 1988-ci ildə hüquq elmləri namizədi, 1991-ci ildə hüquq elmləri doktoru elmi dərəcəsini almışdır. 1990-cı ildən H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri və Azərbaycan PENklubunun prezidentidir. Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. Yazıçının kitabları dünyanın bir çox dillərinə tərcümə edilmiş, Almaniya, İrlandiya, Fransa, Rusiya və b. ölkələrdə kütləvi tirajla buraxılmışdır. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən görkəmli müasir yazıçı kimi tanıtmışdır. Xalq yazıçısı cənub-şərqi Asiyadan tutmuş Latın Amerikasınadək geniş bir ərazini əhatə edən “Mavi mələklər” romanını yazmaqla dünya detektiv ədəbiyyatında yeni “qlobal siyasi detektiv” janrının əsasını qoymuş və bütün dünyada bu janrın ustası kimi şöhrət qazanmışdır. Onun “İnsan ovu”, “Qanın üç rəngi”, “Əfsanə hüququ”, “Cəhənnəmdən keçid”, “Geri dönməmək”, “Öz dünyanı yarat”, “Unudulmuş yuxu”, “Məhkumların cənnəti”, “Eramızın əvvəlin-dəki sui-qəsd”, “Alqış sədaları altında ölüm”, “Transilvaniya səfəri” və s. romanları çağdaş siyasi və tarixi detektiv janrının zirvələridir. 1989-cu ildən SSRİ və Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilmişdir. 1989-cu ilin fevral ayından Azərbaycan SSR Yazıçılar İttifaqının katibi, 1991-2014-cü illərdə ittifaqın İdarə Heyətinin katibi olmuşdur. 2014-cü ilin iyun ayından AYB-nın katibidir. 2003-cü ildən “Beynəlxalq Ədəbiyyat Fondu”nun həmsədri, 2005-2015-ci illərdə AR Prezidenti yanında YUNESKO üzrə Milli Komissiyanın, 2011-ci ildən “Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının” üzvü, 2013-cü ildən AR Elm, Texnologiya, Memarlıq, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət mükafatları Komissiyasının üzvü, 2014-cü ildən İnterpolun fəxri səfiri, AR Prezidenti yanında Heraldika Şurasının üzvü, 2015-ci ildən Azərbaycan Beynəlxalq Ukrayna İttifaqının fəxri üzvü, “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri, 2016-cı ildə “Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi”nin prezidenti seçilmişdir. 1989-cu ildən Krakov (Polşa) Universitetinin fəxri professoru, 2014-cü ildən Bolqarıstan Universitetinin fəxri doktorudur. Beynəlxalq Yazıçılar İttifaqının üzvü, Beynəlxalq Ədəbiyyat Fondunun həmsədridir. Azərbaycan Demokratik Ziyalılar İttifaqı nəzdində olan Milli Akademiyanın fəxri doktorudur. 2009-cu ildə yaradılmış Beynəlxalq Qara dəniz və Xəzər dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun təsisçilərindən biri, 2015-ci ildə həmin fondun prezidenti olmuş, 2017-ci ildən Beynəlxalq Dayanıqlı Sülh və İnkişaf Fondunun (IFSPD) təsisçisi, vitseprezidenti və İdarə Heyətinin üzvüdür. 14-dən artıq beynəlxalq mükafata 2001- ci ildə Latviyanın “Grand master”, 2004-cü ildə Rusiyanın “Şərəf və ləyaqət”, Frankfurt mükafatına, Rumıniyanın Tudor Argezi mükafatına layiq görülmüşdür. Xidmətlərinə görə akademik Yusif Məmmədəliyev adına “Qızıl medal”, 2004- cü ildə “Humay”, Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm”, 2013-cü ildə “Platin qələm” mükafatları ilə təltif edilmişdir. 2005-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülmüş, 2009-cu ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Faylı yüklə