Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
Vaqif Səmədoğlu - 80.(Metodiki vəsait).
3 İyun , 2019
Vaqif Səmədoğlu - 80.
(Metodiki vəsait).
Vaqif Səməd oğlu Vəkilov 1939 - cu il iyun ayının 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olmuşdur. O, Bülbül adına musiqi məktəbində və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışdır.Vaqif Səmədoğlu 1962-1963-cü illərdə Moskvada Çaykovski adına Konservatoriyada ixtisas kursu keçmiş, 1963-1971-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi, 1968- 1971-ci illərdə Azərbaycan Sovet Ensiklopediyasında incəsənət redaksiyasının müdiri, 1982-1985-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kinoaktyor teatrının ədəbi hissə müdiri, 1992-1994-cü illərdə “Oğuz eli” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. “Yeddi şeir” adlı ilk əsəri 1963- cü ildə “Azərbaycan” jurnalında çap olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, 1968- ci ildə “Yoldan teleqram” adlı ilk kitabçası işıq üzü görmüşdür. Kitaba toplanmış şeirlərdə dünya və insan, insan və həyat, ölümün labüdlüyü, ümid və kədər, vətən və vətənin taleyi, məhəbbət və məhəbbətin acısı və bu qəbildən olan əbədi mövzular əsas yer tutur. Şairin “Qobustan” toplusunun 1983-cü il, birinci sayında musiqi ilə bağlı altı şeiri dərc olunmuşdur. Elə ilk şeirdən səslərin rəng çalarları gözlə qulaq arasında qəribə bir mənzərə yaradır. Şairin “Uca dağ başında”, “Bəxt üzüyü”, “Lotoreya”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” pyesləri Bakı, Naxçıvan, Şəki Dövlət Dram Teatrlarında tamaşaya qoyulmuşdur. İlk dəfə dramaturq kimi “Bəxt üzüyü” tamaşası ilə tanınmış və böyük şöhrət qazanmışdır. Müasirlərimizin həyatını qələmə alan yazıçı əsərdə mənəvi-psixoloji, etikəxlaqi məsələləri ön plana çəkmiş, əqidəsi, idealı, məqsədi müxtəlif olan insanların yaşayış tərzini və həyata baxışlarını dörd ailənin simasında gərgin dramatik səhnələrdə canlandırmışdır. 4 kitabın, 8 dram əsərinin, saysızhesabsız şeirlərin, 23 filmin ssenari müəllifi Vaqif Səmədoğlu 2000-2005- ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Şair, dramaturq, publisist Vaqif Səmədoğlu 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmişdir. Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə 1989- cu ildə “Əməkdar incəsənət xadimi”, 1999-cu ildə “Xalq şairi” fəxri adına layiq görülmüş, 2009-cu ildə “Şərəf” ordeni, 2014-cü ildə “İstiqlal” ordeni ilə təltif edilmişdir. 1998-ci ildə “Humay” mükafatı, 2014-cü ildə “Nəsimi” mükafatı laureatı olmuşdur. Vaqif Səmədoğlu 2015-ci il yanvar ayının 28-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.
Faylı yüklə