Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
Hüseyn Arif – 95. (Metodiki vəsait).
11 İyun , 2019
Hüseyn Arif – 95.
(Metodiki vəsait).
Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif) 1924-cü il iyun ayının 15-də Ağstafa rayonunun Yenigün kəndində anadan olmuşdur. Ağstafa şəhər yeddiillik məktəbini bitirdikdən sonra, 1937-1940-cı illərdə Bakı Pedaqoji məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə Tovuz şəhər orta məktəbində müəllim kimi başlamışdır. İkinci Dünya müharibəsi dövründə döyüşən ordu tərkibində Ukrayna cəbhəsində, Polşa, Çexoslovakiya və Almaniya ölkələrində olmuş, yaralanmış, müalicə olunandan sonra Moskva hərbi mühəndislik məktəbinə göndərilmişdir. 1943-1945-ci illərdə SSRİ Xalq Daxili İşlər Komissarlığı qoşunları tərkibində vzvod komandiri olmuşdur. Sovet Ordusu sıralarından tərxis olunandan sonra, 1946-1951- ci illərdə ADU-nun (indiki BDU) Şərqşünaslıq fakültəsində təhsil almışdır. Şair 1949-cu ildə Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşdur. 1951- 1952-ci illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir. 1957-1959-cu illərdə Azərbaycan Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətində şöbə müdiri, 1965-1967-ci illərdə “Azərnəşr”in Bədii ədəbiyyat redaksiyasında böyük redaktor, 1967-1968-ci illərdə “Gənclik” nəşriyyatında Bədii ədəbiyyat redaksiyasının müdiri, 1980-1982-ci illərdə Azərbaycan Mədəniyyət Nazirliyinin MədəniMaarif idarəsində Repertuar redaksiya kollegiyasıın üzvü olmuşdur. 1982-1992-ci illərdə Azərbaycan Aşıqlar Birliyinin sədri vəzifəsində çalışmış, 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun librettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet Teatrında, “Yolda” poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə “Dağ kəndi” poemasına görə “Qızıl Oraq” mükafatına layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. “Mən inanmadım”, “Qonşu qız”, “Dedim, dedi”, “Xatırla məni”, “Mən sülhə səs verirəm”, “Könül deyir yaşa hələ”, “Sən mənimlə get” və b. şeirlərinə musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur. Azərbaycan ədəbiyyatının inkişafı sahəsində xidmətlərinə görə 1978-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı olmuş, 1989-cu ildə isə “Xalq şairi” fəxri adına layiq görülmüşdür. Hüseyn Arif 1992-ci il sentyabr ayının 14 -də Bakıda vəfat etmiş, doğma kəndində dəfn olunmuşdur.
Faylı yüklə