Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS

Metodiki vəsaitlər
Milli Qurtuluş Günü. (Metodiki vəsait).
12 İyun , 2019
Milli Qurtuluş Günü.
(Metodiki vəsait).
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etsə də, Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti gərginləşdirmişdi. 1993-cü il iyunun 4- də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi ölkəni tamamilə xaosa sürükləmişdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltməmiş, əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürülmüşdür. Qiyamçı hərbi hissənin rəhbərliyi, əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə Prezidentin istefasını tələb etmişdi. Vəziyyət nəzarətdən çıxmış, ətraf rayonların icra başçıları zorla dəyişdirilmiş, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq üzü Bakıya doğru geniş miqyas almışdı. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görmüşdür. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başlamışdı. Ümummilli Liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım olmuşdu. Bundan bir neçə gün sonra - iyun ayının 15-də isə Ulu Öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin Sədri vəzifəsinə seçilməsinə razılıq vermişdi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrilmişdi. Beləliklə də, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuşdur. Ulu Öndərin 1993-cü ilin 15 iyun tarixində Ali Sovetin Sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etmişdi. Heydər Əliyev bu vəzifədə səylə çalışaraq ilk növbədə parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başlamış, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyrietik davranışların qarşısını almışdı. Müzakirə və diskussiyaların sivil, demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərmiş, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirmişdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilmişdi. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etmişlər və Milli Məclis bu təklifi bəyənmişdi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir. Xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır.
Faylı yüklə