Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
1 Yanvar , 2014

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il yanvarın 1-dən 30-dək müddətli hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 2013-cü il 14 dekabr tarixli Sərəncamına müvafiq olaraq çağırış yaşlı gənclərin hərbi xidmətə yolasalma kampaniyasına respublikamızın hər yerində, o cümlədən Ağsu rayonunda mütəşəkkilliklə başlanılmışdır. Yanvarın 7-də şəhər mərkəzindəki Heydər parkında keçirilən ilk yolasalma təntənəli mərasimlə yaddaqalan olmuşdur. Rayon rəhbərlərinin, ağsaqqallarının, valideynlərin və gənclərin qatıldığı mərasim iştirakçıları ilk öncə müasir Azərbaycan dövlətinin, onun silahlı qüvvələrinin qurucusu Heydər Əliyevin abidəsini ziyarət etmiş, heykəlin önünə qərənfillər qoymuşlar. Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunan təntənəli mərasimdə Azərbaycanın Dövlət Himni səsləndirilmişdir. Rayon icra hakimiyyəti aparatının hüquq şöbəsinin müdiri Tofiq Kərimov, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti Ağsu rayon şöbəsinin rəisi, polkovnik-leytenant İlqar Əliyev rayon veteranlar şurasının sədri Camaləddin Zeynalov, valideyn Araz Rəhimov, Qarabağ müharibəsi veteranı Allahverdi Qənbərov çıxış edərək Azərbaycan ordusunun müstəqilliyimizin, xoşbəxt gələcəyimizin qaranti olduğunu diqqətə çatdrmış, ordu sıralarında qulluğun böyük şərəf işi olduğunu söyləmişlər. Çağırışçılar adından çıxış edən Vüqar Əliyev vətən qarşısındakı hərbi borclarını ləyaqətlə yerinə yetirəcəklərini, valideynlərinin, onları yola salmağa gələnlərin etimadını layiqincə doğruldacaqlarını, lazım gələrsə canlarını belə əsirgəməyəcəklərini bildirmişdir. Rayon musiqiçilərinin ifasında səsləndirilən mahnılar, balabanın zil səsi mərasim iştirakçılarında xoş təəssürat yaratmışdır. Axırda gənclər hərbi marş sədaları altında Azərbaycan bayrağını öpərək onlar üçün ayrılmış maşınlarda yola düşmüşlər.