Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
12 Yanvar , 2016

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, Cənub mövzusunda unudulmaz poeziya nümunələri yaradan, tanınmış şair, əməkdar incəsənət xadimi Mədinə Gülgünün  90  illik yubileyi  Ağsu Rayon  Mərkəzi Kitabxanasında “ Bu ömrü mən yaşadım” adlı  “şeir gecəsi”  ilə qeyd olunub. Tanınmış şairənin ilk yaradıcılıq nümunələri Azərbaycan xalqının azadlıq və milli istiqlaliyyət uğrunda apardığı mübarizə illərinə təsadüf edib. Mədinə Gülgünün poeziyası xalqa, doğma vətənə övlad məhəbbətində yoğrulub, oxucularını ağ günlərə və qurtuluş uğrunda döyüşlərə çağırış ruhunda köklənib. Gecənin açılışında 3 saylı orta məktəbin müəllimi Cəlilova Yeganə çıxışında vurğulayıb ki, bu dünyada hərəmizin bəxtinə bir ömür payı düşür. Mədinə Gülgünün payına da bir ömür payı düşmüşdü. Ağrılı-acılı, kədəri sevincindən çox olan bir qismətdi bu. Mədinə xanım bu qismətə qane olmuşdu, taleyin hökmünü minnətdarlıqla qəbul etmişdi. Bu alın yazısının özü ilə gətirdiyi əzab və əziyyətə, möhnət və cəfaya dəyanətlə sinə gərmişdi.  Şeir  həvəskarı Əzimov Tahir qeyd edib ki, Mədinə xanımın şeirləri qırılmaz zəncir ilə öz elinə-obasına bağlıdır. Şairə ilham verən yurdu, şirin dili, bir də doğma elidir. Bu da bir həqiqətdir ki, ədəbiyyat xalqa xidmət etdikdə əbədiyyətə çevrilir. Onun yaradıcısı inanır ki, xalq onu unutmayacaq. Bu baxımdan Mədinə Gülgün də gözəl bilir ki, onun Vətəni, o taylı-bu taylı Azərbaycan onu heç zaman unutmayacaq. 4 saylı orta məktəbdə müəllim işləyən Babayeva Kəmalə Mədinə Gülgün yaradıcılığı dövründə ədəbi və ictimai fəaliyyətinə görə “Şərəf ordeni” , “21 Azər” medalı, “Əmək veteranı” medalı , üç dəfə respublika Ali Sovetinin fəxri fərmanları ilə təltif olunmuşdur. Həmçinin, Mədinə Gülgün 1987-ci ildə “Azərbaycan SSRİ əməkdar incəsənət xadimi” adına layiq görülmüşdür. Onun indiyə qədər Bakıda, Təbrizdə, Moskvada və bir çox başqa şəhərlərdə 30-dan çox kitabı çap olunmuşdur. Biz inanırıq ki, zaman ötdükcə, onun qədir-qiyməti daha da artacaq və Azərbaycan ədəbiyyatında özünə məxsus daha parlaq yeri olacaq. Gecənin  sonunda  məktəblilərin ifasında şeirlər səsləndirilib.