Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Rayon haqqında
28 İyun , 2016
Rayonun tarixi
Ağsu rayonu 8 oktyabr 1943-cü ildə təşkil edilmiş, 4 yanvar 1963-cü ildə ləğv edilib Kürdəmir rayonuna birləşdirilmiş, 6 yanvar 1965-ci ildə ayrılaraq yenidən müstəqil rayon olmuşdur.
A. Bakıxanov "Gülüstani-İrəm" əsərində qeyd edir ki, Nadir şah tərəfindən 1735-ci ilin may ayında Şamaxı şəhərinin 4 ağaclığında (37 km), mövqe etibarilə çox əlverişli olan Ağsu adlı yerdə yeni şəhərin əsası qoyuldu. Az bir zamanda şəhərin ətrafında hasarlar tikildi. Şəhərin qədim əhalisi də buraya köçürüldü və Ağsu Şirvan hakimlərinin mərkəzi oldu. Həmin qədim şəhərin qalıqları (hazırda "Xaraba şəhər" adlanır) müasir Ağsu şəhərinin cənubunda yerləşir. Şəhərin adı isə ərazisindən keçən "Ağsuçay"ın adı ilə bağlıdır. Əvvəllər şəhər tipli qəsəbə olan Ağsu 1967-ci ildə şəhər statusu almışdır.

Rayonun əhalisi
Təxminən 77 min nəfərdən ibarət olan rayon əhalisinin ümumi sayının 49,1%-ni kişilər, 50,9%-ni qadınlar təşkil edir. Əhalinin 99%-i azərbaycanlılardan, 1%-i ləzgilərdən, türklərdən və s. ibarətdir. Əhalinin 28.9 %-i şəhərdə, 71.1 %-i kənd yerlərində yaşayır.
Əhalisinə görə ən böyük yaşayış məntəqələri Ağsu şəhəri, Gəgəli, Bico, Kəndoba, Kalva və Ərəbuşağı kəndləridir.
Rayonda 2.068 nəfər qaçqın və məcburi köçkün məskunlaşmışdır. Bunlar Ermənistandan, Özbəkistandan və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş rayonlarından gələn əhalidir.

Ərazi və coğrafiyası
Ağsu rayonu şərqdən və şimal-şərqdən Şamaxı, cənubdan Hacıqabul və Kürdəmir, qərbdən və şimali-qərbdən İsmayıllı rayonları ilə həmsərhəddir.
Ərazisinin sahəsi 1020,1 km2-dir.Coğrafi mövqeyinə görə Ağsu rayonu Şirvan düzündə və Böyük Qafqazın ətəklərində yerləşir. Rayonun relyefi şimalda və şimal-şərqdə dağlıq (Niyaldağ, Hinqar, Ləngəbiz silsilələri və s.), cənubda ovalıqdır (Şirvan düzü). Rayon ərazisindəki ən hündür zirvə Bico kəndi ərazisindəki, dəniz səviyyəsindən 929 metr yüksəklikdə yerləşən Sanqalan ("Səndələn" və ya "Bico dağı" da adlanır) zirvəsidir. Bu zirvə, həm də Ləngəbiz silsiləsinin ən hündür nöqtəsidir. Dağlıq ərazilərdə Paleogen və Neogen, düzənlikdə isə Antropogen çöküntüləri yayılmışdır. Gil yataqları mövcuddur.
Rayonun ərazisindən Girdiman, Ağsuçay və onların qolları, Ağdarçay və Nazirçay keçir. Qərbdə Kükəş qobusu (Kür sellər oylağı) və ortada Cavanşir gölü, rayonun şərqə tərəf hissəsində kiçik Bicodərəsi çayı, cənubda Yuxarı Şirvan kanalı, onun Ağsu qolu yerləşir.


İqlimi mülayim isti quru subtropikdir. Orta temperatur yanvarda -4°C-dən l,5°Cyədək, iyulda isə 15-27°C-dir. İllik yağıntı 340-800 mm-dir.

Torpaqları karbonatlı qəhvəyi dağ-meşə, dağ boz-qəhvəyi, açıq şabalıdı, boz və çəmən-boz tiplidir.

Dağlıq sahədə meşə və kolluqlar vardır. Qarabağın rəmzlərindən sayılan məşhur xarı bülbül çiçəyinə Ağsu rayonunun dağlıq ərazilərində də (xüsusən Bico dağlarında) daima rast gəlinmişdir.

Rayon ərazisində ayı, çöldonuzu, çaqqal, porsuq, canavar, tülkü və s. heyvanlara, kəklik, turac, qırqovul, çalağan və bu kimi digər quşlara, həmçinin gürzə, kələz, yelmar, koramal və başqa sürünənlər yaşayır.

16 kənd, 3 ərazi dairəsi dağlıq zonadadır. Rayonun inzibati mərkəzi olan Ağsu şəhəri Şamaxıdan 37 km cənub-qərbdə, Ağsu çayının sahilində yerləşir. Azərbaycanda "Ağsu" adlı çaylar çoxdur. Onların bu cur adlanmasının səbəbi çox sadədir, "təmiz, şəffaf su" mənasını verməklə yanaşı, həm də çay yatağında olan ağ rəngli, əsasən də əhəng mənşəli süxurlarla bağlıdır.

Bakıdan Ağsuya gedən yol məşhur Ağsu aşırımdan keçir. Uzunluğu 14 km olan, dəniz səviyyəsindən 900 m-ə qədər yüksəkliyi olan bu aşırım Böyük Qafqazın cənub ətəklərindəki Ləngəbiz sıra dağlarının orta hissəsində yerləşir. Aydın havada buradan ətrafa tamaşa edəndə Şirvan vadisinə gözəl bir mənzərə açılır. Bu yerlərin ucu-bucağı görünməyən əzəmətli mənzərəsi yolçuları heyran edir. Aşırım dumana bürünəndə isə buradan maşınla gedən adamların hər biri sanki buludların arası ilə hərəkət etdiyini güman edir.
Ağsunun dağ kəndləri, xüsusən də Kalva, Xatman, Dilman və Hacıman kəndləri turizm üçün əlverişli təbii-coğrafi mövqeyə malikdirlər.

İqtisadiyyatı
Ağsu rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, pambıqçılıq, meyvə və tərəvəzçilik mühüm yer tutur. Ərazisinin 75,2%-ni və ya 76742 hektarını kənd təsərrüfatına yararlı torpaqlar, bundan 46,3%-ni və ya 35550 hektarını əkin yeri təşkil edir. Aparılan aqrar islahatlar nəticəsində rayonda 43892 nəfər mülkiyyətçi 36184 hektar əkin yeri və çoxillik əkmələr altında olan torpaqları əvəzsiz olaraq pay kimi almışdır. Sovxoz və kolxozlarda olan 17,8 milyard AZM (3,6 mln. AZN) dəyərində əmlak özəlləşdirilərək əmlakdan pay almaq hüququ olanlara verilmişdir. Rayonun məhsul istehsalının, pərakəndə əmtəə dövriyyəsinin, göstərilən pullu xidmətlərin 98-100%-i qeyri-dövlət sektorunun payına düşür. Rayonun təsərrüfat fəaliyyətinin əsasını kənd təsərrüfatı məhsulları təşkil edir. Rayon əhalisinin böyük əksəriyyətinin, yəni 70%-dən çoxunun məşğulluğu kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlıdır. Rayonda hazırda əsasən taxılçılıq, pambıqçılıq, meyvə, bostan-tərəvəz istehsalı və heyvandarlıq sahəsi sürətlə inkişaf etdirilir. Ağsu rayonunda əsasən taxıl, pambıq, kartof, bostan-tərəvəz, günəbaxan, nar, üzüm və digər bitkiçilik məhsulları yetişdirilir. Respublikada aqrar islahatların gedişi ilə əlaqədar rayonda mal-qaranın özəlləşdirilməsi prosesi başa çatdıqdan sonra heyvandarlığın inkişaf səviyyəsi xeyli artmışdır. Rayon əhalisinin ət məhsuluna olan tələbatı rayon daxilində yetişdirilən heyvanların hesabına ödənilir. Son dövrdə quşçuluq məhsullarının istehsalı xeyli artmışdir.
Hazırda Ağsu rayonunda onlarla istehsal təyinatlı müəssisə mövcuddur. Bunlardan "Miri Grand" MMC, "Büllür" MMC, "Ağsu-Konserv-3" ASC, "Ağsu Konserv A-EM", "Mehman" MMC, "Şaban-Quşçuluq" MMC-nin adını çəkmək olar. O cümlədən, rayonda çörək sexləri, abadlıq işlərində istifadə edilən bardür və tamet istehsal edən sexlər, Kalva kəndində "Pərvanə" MMC və onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sex, onlarla digər obyektlər mövcuddur. İstehsal olunan məhsullar həm daxili, həm də xarici bazarlarda satılır. Rayonda üzüm emalı və ipək qurdu baraması emalı üzrə müəssisələr fəaliyyət göstərir. Ağsunun Bico, Pirhəsənli, Qəşəd kəndlərində toxunan xalçalar, xüsusən də Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçaları çox məşhurdur. Rayonumuzda fəaliyyət göstərən Azqranata MMC-nin əsası 29 oktyabr 2011-ci ildə qoyulmuşdur.Sahəsi 8.8 ha yaxındır.Zavodun meyvə bağları 1000 ha ərazini təşkil edir.Burada çalışan işçilərin orta aylıq əmək haqqı 350 manat təşkil edir.Zavodda 60 çeşiddə şərab,30 çeşiddə araq, konyaklar,viskilər,xeyli çeşiddə şirə,kompotlar istehsal olunur və Cənubi Qafqaz Regionunda ilk dəfə olaraq Abqora istehsalına başlanılmışdır. Azqranat MMC-nin məhsulları ölkə hüdudlarından kənara-Almaniya, Slovakiya, Çexiya, Polşa, Rusiya, ABŞ, İngiltərə, Kanada, BƏƏ və Yaponiyaya da ixrac olunur.

Mədəniyyət
Rayonda 69 ümumtəhsil məktəbi, 5 məktəbdənkənar və 8 məktəbəqədər müəssisə fəaliyyət göstərir. 6 xəstəxana, 18 ambulator-poliklinika, 22 feldşer-mama məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir. Rayonda 1 mədəniyyət sarayı, 10 mədəniyyət evi, 47 kitabxana, 1 uşaq musiqi məktəbi və tarix-diyarşünaslıq muzeyi vardır. Rayonda ilk dəfə 1954-cü ildə "Yeni həyat", 1961-ci ildə rayonlararası "İrəli" və 1966-cı ildə isə "Birlik" qəzetləri nəşr edilmişdir. Hazırda rayonda Ağsu rayon İcra Hakimiyyətinin orqanı olan "Ağsu" qəzeti buraxılır. Qəzet 13 yanvar 2003-cü ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

Ağsu şəhərində 3 km aralıda yerləşən Şeyx Dursun məqbərəsi 1457-ci ildə ucaldılmışdır. Eləcə də Şeyx Mezid məqbərəsinin adını çəkmək olar ki, daha zəngin görkəmi bundan əvvəl adını çəkdiyimiz abidənin memarlıq simasını kölgədə qoyur. Şeyx Mezid məqbərəsinin fasadının və interyerinin tərtibatında müxtəlif rəngli kaşıdan istifadə edilmişdir. Şəhərdən bir qədər cənub-qərbdə "Ağ Gunbəz" məqbərəsi, Ağsunun şərqində – XVIII əsrə aid tikililərin xarabalıqları, Gürcüvan kəndində isə Qız Qalası turistlər üçün maraqlı obyektlər sayılır. Ağsu rayonu Azərbaycan mədəniyyət tarixinin nadir incilərindən sayılan, Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyası kimi tanınan Bico xalçalarının vətənidir. Bico xalçası hazırda rayonun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin adını daşıyır. Xeyli qədim tarixi olan Bico xalçaları sonralar Bico kəndindən başqa Qəşəd, Göylər, Pirhəsənli və Şirvanın digər məşhur xalçatoxuma məntəqələrində, eləcə də Qubada və İranda da istehsal olunub. (Hazırda Pakistanda da sənaye üsulu ilə toxunur) "Bico" xalçaları texniki və incəsənət nöqteyi-nəzərindən təkcə Şirvanda deyil, bütün Qafqazda ən məşhur xalça hesab edilir.[2] XIX əsrin ikinci yarısında Azərbaycandan Nijni Novqorod şəhərinə ixrac olunan Bico xalçaları öz milli koloriti və mürəkkəb ornament kompozisiyası ilə diqqəti cəlb edirdi. Əsasən iki varinatda toxunmuş Bico xalçalarının ən məşhur olan birinci variantında orta sahənin kompozisiyası punktir xətlərlə doldurulmuş ornamentlərdən ibarətdir. 1 kv. m-də 220-300 min ilmə olan bu xalçaların sahə mərkəzi üçbucaqın üfiqi xətt boyunca iki böyük hissəyə, şaquli xətt boyunca orta ölçülü bir neçə rapportlara bölünmüşdür. Bico xalçaları hazırda Kanada, ABŞ, Çexiya, Rusiya, Türkiyə, İtaliya, Böyük Britaniya və s. ölkələrin bir çox məşhur muzeylərini və qalareyalarını bəzəyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə 2014-cü ildə Bico kəndində "Xalçaçı" peşə hazırlığı kursu fəaliyyət göstərmişdir.


Nəqliyyat
Rayon ərazisindən 80 kilometr uzunluqda respublika əhəmiyyətli avtomobil yolu keçir. 37 km uzunluğu olan Bakı-Şamaxı-Yevlax yolu ikinci kateqoriya, 18 kilometr uzunluğu olan Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolu üçüncü kateqoriyaya aiddir.

1987-ci ildə çəkilmiş və 2013-ci ildə bərpa edilən 25 km uzunluqdakı Ağsu-Bico-Göylər yolu bir çox kəndləri birləşdirməklə yanaşı qış aylarında Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsinə əsas alternativ kimi istifadə edilir.

Tarixi və memarlıq abidələri

N

Abidənin adı

Tarixi

Yerləşdiyi yer

1

Cavanşir yaşayış yeri

İlkin orta əsrlər

Ağsu şəhərindən 3 km şərqdə

2

Qədim Nərgizəva şəhərgahı

E.ə. III-II əsrlərdən X-XII əsrlərədək

Bico və Gəgəli kəndlərinin ərazisi

3

Qədim qəbiristanlıq, məbəd və yaşayış yeri

Antik dövr

Nüydü kəndi

4

Pirəmsaq qəbiristanı

İlkin orta əsrlər

Bico kəndi

5

Qırlartəpə yaşayış yeri

Eneolit -antik dövrü

Qırlar kəndi

6

Qədim qəbiristanlıq

I əsr

Qırlar kəndinin yaxınlığında

7

Pirəşeydullah tarixi abidəsi

Orta əsrlər

Bico kəndi

8

Xaraba şəhər yeri

XVI-XVIII əsrlər

Ülgüc kəndinin yaxınlığında

9

Yeni Şamaxı qalıqları

XVIII əsr

Ağsu şəhərindən 5 km aralı

10

Xanyurdu kurqanı

Tunc dövrü

Ərəbuşağı kəndi

11

Qaraçıbulaq

e.ə. III-I əsrlər

Nuran kəndindən şərqdə

12

Qaraçuxa nekropolu

Son Tunc – İlk dəmir dövru

Nuran kəndindən şərqdə

13

Xəzinə dağı

Orta əsrlər

Padar kəndinin yanında

14

Nekropol

I-III əsrlər

Xasıdərə kəndindən şərqdə

15

Şeyx Dursun Türbəsi

1457-ci il

Ağsu şəhəri

16

Pir Bəxtiyar Türbəsi

XX əsr

Ağsu şəhəri

17

Ağ günbəz türbəsi

1897-ci il

Qaraqoyunlu kəndi

18

Qırmızı günbəz türbəsi

1909-cu il

Qaraqoyunlu kəndi

19

Bilal Əfəndi məscidi

XIX əsr

Padar kəndi

20

Məscid

XX əsr

Padar kəndi

21

Şeyx Əmirəhməd türbəsi

1722-ci il

Xəlilli kəndi


Görkəmli şəxsləri
Muhəmməd Əmin ibn Sədrəddin Şirvani — şəriət alimi, mütəfəkkir.
Əyyub əfəndi Şirvani — məşhur din xadimi.
Məhəmməd Zahid Şirvani — şair.
Aşıq Mirzə Bilal - aşıq
Aşıq Şakir - aşıq
Tərlan Əliyarbəyov - sovet hərbi xadimi, general-mayor
Ədhəm Şıxəlibəyli — akademik, əməkdar elm xadimi.
Arif Səlimov - fizika-riyaziyyat elmləri doktoru, Türkiyənin Atatürk Universitetinin professoru.
Mahir Qocayev - fizika-riyaziyyat elmləri doktoru
Fikrət İsayev - fizika-riyaziyyat elmləri doktoru
Eybalı Mehrəliyev — coğrafiya elmləri doktoru
Şahalı Həsənov - coğrafiya elmləri doktoru.
İbrahim Əfəndiyev - tibb elmləri doktoru
Ədalət Zeynalov - biologiya elmləri doktoru
Mirəli Alosmanov - texnika elmləri doktoru
Fazil Vahidov - fəlsəfə elmləri doktoru
Sifariz Səbzəliyev - iqtisad elmləri doktoru, professor
Səlim Müslümov - Gömrük xidməti general-mayoru, iqtisad elmləri doktoru, professor
Rasim Balayev - Azərbaycanın xalq artisti, aktyor
Tahir Kərimli - Azərbaycan Respublikası Ali Məhkəməsinin sabiq sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Ramil Niftaliyev - Şərqşünas, Misirdəki Azerbaycan Diasporasinin sədri
Səməndər Rzayev - Azərbaycanın xalq artisti, aktyor
Mikayıl Mirzə - Azərbaycanın xalq artisti, aktyor
Famil Məmmədli - Azərbaycan hərbi pilotu, polkovnik-leytenant
General Hüseyn Məmmədov-general-mayor
Mirsəttar ağa Seyidhəsənov - el ağsaqqalı