Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
29 Avqust , 2016
Babaş Əfəndi Mikayılzadə - 1862-1957-ci illərdə Azərbaycanda yaşamış, ömrünü İslam dininin təbliği ilə yanaşı, bolşevik və daşnaklara qarşı mübarizəyə həsr etmiş ictimai və din xadimi, "Məsail" imzası ilə şeirlər yazmış şair.
Babaş Əfəndi Mikayılzadə 1862-ci ildə Ağsu rayonunun Bico kəndində, çoxəsrlik ziyalılıq ocağı olan “Mollalar” nəslində Hacı Molla Bağının ailəsində dünyaya göz açmışdır.
Uşaq yaşlarından ətrafı çox “dərin” və zəkalı insanlarla zəngin olan Babaş müdərris qohumlarının əhatəsində formalaşmış və zəmanəsinin tanınmış elm adamlarından sayılan dayısı Hacı Əbdülhəmid Əfəndidən əsaslı biliklər almışdı. Gənc yaşlarından zəka və əqli ilə seçilən Babaş Əbdülhəmid Əfəndinin ona olan marağını artırmış, dayısı ona həm də ərəb və fars dillərini mükəmməl öyrətmişdir. Sonra dayısı onu Şamaxıya gətirmiş, onun təhsilini Şirvan Qazisi, İlahiyyat Doktoru Hacı Məcid Əfəndiyə tapşırmışdır. Babaşın yaddaş və idrakına heyran qalan Hacı Məcid Əfəndi ona xüsusi maraq və diqqət yetirmiş, onu daim nəzarətdə saxlamışdır. Şamaxıda ali-ruhani təhsilini başa vuran Babaş, “Hafizi-Quran” kimi buranı xüsusi diplomla bitirmişdir. Şamaxının nüfuzlu din xadimləri onu burada saxlamağa cəhd etsələr də, Babaş Əfəndi doğma kəndi Bicoya qayıdaraq ata-baba ocağının ziyalılıq ənənəsini davam etdirmiş, yaxın qohumlarının, eləcə də kəndin digər yeniyetmələrinin təhsili ilə məşğul olmuşdur. Bu dövrdə Babaş Mikayılzadə həm də ədəbi yaradıcılığa vaxt ayıraraq dini və klassik mövzuda əsərlər yazmış, sevdiyi şairlərdən tərcümələr etmişdir.
1907-ci ildə fəaliyyətinin ən qızğın çağında Şirvan Qazisi Hacı Məcid Əfəndi onu Şamaxıya dəvət edir. Bu ərkli və doğma çağırışdan qaça bilməyən Babaş Mikayılzadə Şamaxıya köçür, Şirvan Ruhani İdarəsinin üzvü kimi fəaliyyətə başlayır, Şamaxı məscidinin bərpasında ən yaxın maddi və mənəvi yardımçılardan biri kimi iştirak edir. Dərin mütaliə və mühakimələri, zəngin bilik və zəkası getdikcə artan-kamilləşən Babaş Mikayılzadə Şamaxının mərifət və elm adamlarının diqqətindən yayınmırdı. Şamaxının kübar mühitinin bir elm və ürfan sahibi kimi çox tezliklə qəbul etdiyi Babaş Mikayılzadə az bir zamanda ziyalı və zəngin Şamaxı ailələrinin dəvətli qonağına çevrildi. Hər gün eyni vaxtda xüsusi adamların müşayəti ilə bütün Şirvanda məşhur olan Şıxəlibəylilərə qonaq gətirilən Babaş Mikayılzadə bu ali ailənin müəlliminə çevrildi. Sonralar ölkəmizin böyük alimlərindən biri kimi tanınan akademik Ədhəm Şıxəlibəylinin bilik və savadının dərinliyi, dünyagörüşünün formalaşması ilk müəllimi, eyni zamanda həmkəndlisi Babaş Mikayılzadənin adı ilə daha çox bağlanırdı. Elə ona görə də akademik Ədhəm Şıxəlibəyli sevimli müəlliminin xatirəsini ömrünün sonuna kimi əziz tutmuşdur.

Mənsub olduğu və təbliğ etdiyi İslam dinindən qaynaqlanan yüksək əxlaqı, dərin zəkası, diqqət çəkən davranışları tezliklə Babaş Mikayılzadənin Şamaxının digər əsilzadələri tərəfindən də tanınmasına səbəb oldu. Ona Babaş əfəndi deyə müraciət etməyə başladılar. (Şamaxıda xalq tərəfindən sevilən, biliyinə, təcrübəsinə, şəxsiyyətinə yüksək qiymət verilən din adamlarına "Əfəndi" deyə müraciət edirdilər.) Bütün Azərbaycanda, eləcə də yaxın ölkələrdə yüksək mədəniyyəti, zəngin ailə ənənələri ilə məşhur olan böyük nüfuz sahibi Mahmud ağa Mahmudbəyov bu mötəbər elm sahibini – Babaş Əfəndini xüsusi hörmət və ehtiramla evinə ailə müəllimi kimi dəvət etdi. Az vaxt ərzində Babaş Mikayılzadə bu ailədə çox əziz və munis bir insan kimi qəbul edildi. Tamamilə Babaş Mikayılzadəyə məftun olan bu ailə çəkinmədən yeganə qız övladlarını ona etibar etdilər. Sonra bu munislik qohumluğa çevrildi. Ailədə və qonşular arasında “Noğulbacı” çağırılan bu Xanım, Molla Babaş Əfəndinin həyat yoldaşı oldu. Böyük bir coğrafi ərazidə ən məşhur ailə ilə qohumluq Babaş Əfəndini daha da məşhurlaşdırdı. Şamaxı əsilzadələri Naseh Əfəndi və Salamovlar Babaş Əfəndi ilə oturub-durmağı şərəf və fəxarət bilərək onu təkrar-təkrar qonaq dəvət edir, maraqlı moizələrini dinləməkdən həzz alırdılar. Əlaqə dairəsi genişlənən Babaş Əfəndi Şamaxı mühitində mütləq ziyalı kimi etiraf olunaraq tezliklə, Azərbaycanın başqa bölgələrində də tanınmağa başladı. Ağdaş, Göyçay, Kürdəmir, Beyləqan, Gəncə, Bakı kimi şəhərlərdən mübahisəli elmi məsələlərin düzgün şərhi üçün tez-tez Babaş Əfəndiyə müraciət edənlər bir mənalı şəkildə onunla razılaşır, onun fikir və mülahizələrini qəbul edirdilər. Bütün mədəni, elmi məclislərdə tez-tez adı çəkilən Babaş Mikayılzadə bu insanlar arasında “ən kamil”, “ən izzətli”, “ləyaqət və ürfan sahibi” kimi əlavə tanıtımlarla şəxsləndirilirdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində bütün Şamaxı və Bakı ədəbi-elmi məclislərinin ən aparıcı şəxsi kimi etiraf olunan Babaş Əfəndi güclü mühakimələri, məntiqi düşüncə və fikirləri, lətif danışıq və həssas hərəkətləri ilə ətrafındakıları valeh edirdi. Xalq arasında “Molla Babaş” adı ilə məşhurlaşmış Babaş Əfəndi Zaqafqaziya sərdarlıq nümayəndələri arasında etiraf olunan alim kimi tanınırdı. Babaş Əfəndini Azərbaycanda və Tiflisdə ən çox sevib təbliğ edən zəka sahiblərindən Ünsizadə qardaşlarının adlarını böyük ehtiramla yada salmaq gərəkdir. Tiflisdə yaşayan Ünsizadələr Babaş Əfəndinin Cənubi Qafqazda tanınması üçün səy göstərmişdilər.