Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
21 Sentyabr , 2016
Fəzilə İbrahim qızı Səmədova 1929-cu ildə Şamaxıda, əslən indiki Ağsu rayonunun Bico kəndindən olan ailədə anadan olmuşdur. Babası bicolu Hacı Cəbi olmuşdur. Atası İbrahim Şamaxı peşə məktəbini bitirmişdir. Fəzilə kiçik yaşlarında olarkən atası Bakıya işləməyə göndərilir və ailəsi ilə birlikdə Şamaxıdan köçməli olur. Fəzilə 1946-cı ildə Bakının 132 nömrəli orta məktəbini qızıl medalla bitirir. Qardaşı kimi o da geoloq olmaq və ekspedisiyalara səyahət etmək istəsə də, məhz qardaşının təkidi ilə Azərbaycan Sənaye İnstitutuna (1992-ci ildən Azərbaycan Dövlət Neft Akademiyası adlanır) ərizə verərək, imtahansız instituta qəbul olunur. 1951-ci ildə institu bitirərək, kimya-texnoloq mühəndisi diplomu alır. Bir il Yeni Bakı Neftayırma zavodunda mühəndis işlədikdən sonra Azərbaycan sənaye İnstitutunun Elmi Şurasının qərarı ilə 1952-ci ilin dekabrında Qubkin adına Moskva Neft İnstitutunun aspiranturasına daxil olmuş və 1955-ci ildə aspiranturanı bitirmişdir. 1956-cı ildə Moskva Neft İnstitutunda "Sürtkü yağlarının kimyəvi tərkibinin onların istismar xassələrinə təsiri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.1956-60-cı illərdə Azərbaycan Sənaye İnstitutunda "Neftin kimyası və texnologiyası" kafedrasında müxtəlif vəzifələrdə çalışmışdır. 1960-cı ildən Azərbaycan Elmlər Akademiyasında neft-kimya prosesləri institutunda işləmişdir. Əvvəlcə "Yağların kimyası və texnologiyası" laboratoriyasında baş elmi işçi, 1982-ci ildə "Neftlərin tədqiqi və yağların yağların texnologiyası" laborotoriyasının müdiri vəzifəsinə təyin edilmişdir. 1973-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.1960-cı və 1981-ci ilə qədər M. Əliyev adına Azərbaycan Dövlət İnstitutunda neft-kimya prosesləri laboratoriyasında "Kimya və yağlar texnologiyası" üzrə böyük elmi işçi kimi işləmişdir.1982-ci ildən və bu günədək "Neft yağlarının tədqiqatı və texnologiyası" laboratoriyasında rəhbərlik edir.1987-ci ildə professor olmuşdur. Fəzilə Səmədova görkəmli alim olmaqla yanaşı, bir sıra gözəl şeir və bayatıların müəllifidir. Onun elmi fəaliyyəti ailəsinin yaradıcılığına da təsirsiz olmamışdır. Həyat yoldaşı geologiya-mineralogiya elmlər namizədi, həmçinin texnika elmləri doktoru, professordur. Qızı geologiya-mineralogiya elmləri namizədi, bir nəvəsi isə iqtisadçi magistrdir.