Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
29 Sentyabr , 2016
Fariz Sabir oğlu Xəlilli — Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi, Azərbaycan Müəllimlər İnstitutu İctimai fənlər kafedrasının müəllimi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədri.Fariz Sabir oğlu Xəlilli 1980-ci il avqust ayının 1-də Ağsu rayonunun Gəgəli kəndində anadan olub. 1986-cı ildə Gəgəli kənd orta məktəbində ilk təhsilinə başlayıb. 1997-ci ildə Bakı şəhəri Sabunçu rayonu I Zabrat qəsəbəsindəki 192 saylı orta məktəbi bitirib. Fariz Xəlilli 1997-ci ildə Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakultəsinə qəbul olub və 2001-ci ildə fərqlənmə diplomu ilə bitirib. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin magistraturasına Qədim dünya tarixi ixtisası üzrə qəbul olub və 2003-cü ildə fərqlənmə diplomu ilə bitirib. Tarix elmləri namizədi Fazil Osmanovun rəhbərliyi ilə “Qafqaz Albaniyası antik və ilk orta əsrlərdə (Nərgizava və Mollaisaqlı abidələri əsasında)” magistr dissertasiyasını müdafiə edib. Magistr dissertasiyasının əsas hissələri “Qədim Nərgizava və Gəgəli” kitabçasında (2003-cü il) nəşr olunub. 2002-ci il yanvar ayının 1-də Azərbaycan Tarixi Muzeyi Azərbaycanın qədim və orta əsrlər dövrü tarixinin ekspozisiyası və fondu şöbəsində laborant kimi fəaliyyətə başlayıb. 2003-cü il dekabr ayının 25-də Azərbaycan Tarixi Muzeyinin aspiranturasına qəbul olub və 2007-ci ildə bitirib. 2008-ci il noyabrın 28-də akademik Nailə xanım Vəlixanlının rəhbərliyi ilə “Azərbaycan Tarixi Muzeyinin arxeoloji materialları Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi (ən qədim dövrdən e.ə. IV əsrə qədər)” namizədlik dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi adını alıb. Muzey ekspozisiyalarının elmi və bədii tərtibatına yaxından bələd olan Fariz Xəlilli Milli Azərbaycan Tarixi Muzeyinin 2004 və 2008-ci illər, Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin 2009-cu il elmi ekspozisiyalarının hazırlanmasında yaxından iştirak edib. O, 2006-cı ilin iyun ayında Norveç krallığının Stavanger və Oslo şəhərlərində muzey təcrübəsi keçib. Fariz Xəlilli Şamaxı Tarix Diyarşünaslıq Muzeyinin kataloqunu iki dildə (azərbaycan və ingilis dillərində) hazırlayıb, 2009-cu ildə nəşr etdirib. Fariz Xəlillinin azərbaycan, türk, ingilis, rus, norveç dillərində 50-dan çox elmi məqalə və tezisləri nəşr olunub. Həmmüəllif olaraq Azərbaycan MEA-nın müxbir üzvü Vəli Əliyev ilə “Ağsunun tarixi səhifələri”(2001-ci il) və Qafqaz Universitetinin müəllimi Mehmet Rıhtım ilə “Mövlanə İsmayıl Siracəddin Şirvani” (2003-cü il) kitabları vardır. Beynəlxalq tədbirlərdə yaxından iştirk edən Fariz Xəlilli Aşqabad (Türkmənistan), Ankara, İstanbul, Bursa (Türkiyə), Roma, Vatikan (İtaliya), Poznan (Polşa), Tokio (Yaponiya) şəhərlərində keçirilən konfranslarda Azərbaycanı təmsil edib. Fazil Osmanovun Ağsu rayonu ərazisində apardığı arxeoloji tədqiqat işlərini uğurla davam etdirən Fariz Xəlilli Gəgəli kəndi ərazisindəki Nərgizava abidəsini öyrənir. Buradan aşkar etdiyi saxsı, tunc, dəmir, qızıl, daş əşyaları Milli Azərbaycan Tarixi Muzeyinə və Ağsu rayonu Tarix Diyarşünaslıq Muzeyinə təhvil verən Fariz Xəlilli onlardan 3 ədəd bədii tunc məmulatın Avropa kataloqlarına düşməsinə nail olub. Fariz Xəlilli hal-hazırda Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun 0,5 (yarım) ştat elmi işçisi, Azərbaycan Müəllimlər İnstitutu İctimai fənlər kafedrasının müəllimidir. O, həmçinin MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi İdarə Heyətinin sədridir. Evlidir. Bir qızı və bir oğlu var.