Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Görkəmli şəxsiyyətlər
21 Oktyabr , 2016
Qasımov Cahangir Seyfulla oğlu 1960- cı il 10 yanvar tarixində Ağsu rayonunun Ərəbmehdibəy kəndində anadan olmuşdur. Atası Qasımov Seyfulla Feyzulla oğlu uzun müddət kolxoz sədri vəzifəsində çalışmışdır. Qasımov Cahangir 1967- ci ildə Ərəbmehdibəy kənd orta məktəbinin 1- ci sinfinə daxil olmuşdur. 1977-ci ildə həmin məktəbi müvəffəq qiymətlərlə bitirmişdir. Orta məktəbi bitirdikdən sonra 1977-ci ildə Sumqayıt Şəhərinə gəlmiş və burada Tikinti İdarəsində ilk əmək fəaliyyətinə başlamışdır. 1979-1981-ci illərdə Çita şəhərində hərbi xidmətdə olmuşdur. 1981- ci ildə ordudan təxris olunduqdan sonra Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş, 1986-cı ildə bu institutu bitirmişdir. 1981-1982-ci illərdə Azərbaycan Dövlət Neft Şirkətinin 3 nömrəli Tikinti Quraşdırma İdarəsində çilingər vəzifəsində çalışmışdır. 1982- ci ildən Bakı Şəhər Sərnişin Nəqliyyat İdarəsinin 1 nömrəli avtobus parkında Avtomobillərin təmiri üzrə çilingər vəzifəsində işə başlamış, 1983-cü ildə Avtomobillərin təmiri üzrə mexanik vəzifəsinə təyin edilmişdir. Cahangir Qasımov 2000-ci ilədək Bakı Şəhər Sərnişin nəqliyyat idarəsinin Avtobus parklarında Avto dəstə rəisi, istismar şöbə rəisi, baş mühəndis, direktor müavini, direktor vəzifələrində çalışmışdır. 2000-ci ildən 2010-cu ilədək isə özəl ictimai nəqliyyat şirkətlərində direktor vəzifəsində işləmişdir. Qasımov Cahangir işlədiyi bu müddətdə rəhbərliyin etimadını doğrultmuş və hər zaman təşəkkürnamələrini almışdır. 2010-cu ildən " Akkord Nəqliyyat Servis MMC" -nin icraçı direktoru vəzifəsinə təyin olunmuşdur, nəqliyyat işinin təşkili, daşımaların, eyni zamanda nəqliyyat vasitələrinin təmiri və onun istismarının təşkilini çox yüksək peşəkarlıqla həyata keçirmişdir. Rəhbərlik Cahangir müəllimin işindən hər zaman razılıqlarını bildirmiş, onun fəaliyyətinə yüksək qiymət vermişlər. 2015- ci ildən etibarən " Transqeyt MMC" - nin icraçı direktoru vəzifəsində çalışmışdır. Bütün ömrünü ölkəmizin nəqliyyat sektorunun inkişafına, xalqımızın ictimai nəqliyyat vasitələrindən istifadəsini rahatlaşdırmağa, onlara bu yolda xidmət etməyə həsr etmişdir. 35 ildən çox əmək fəaliyyətində Cahangir müəllim öz işini sevərək vicdanla yerinə yetirmişdir. Qasımov Cahangir ailəlidir , 3 övladı var. Bütün bunlar Cahangir müəllimin qısa məlumatlarla və quru rəqəmlərlə ifadə olunan tərcümeyi- halıdır. Lakin Cahangir müəllim hər şeydən əvvəl Vətən, millət , el- oba təəssübkeşliyi ilə çırpınan böyük bir qəlb sahibi, əvəzsiz insandır.