Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Muzeylərimiz
22 Noyabr , 2016
Azərbaycan Dövlət incəsənət muzeyi

Azərbaycan Dövlət incəsənət muzeyi qədim əsrlərdən müasir dövrə qədər yaradılmış təsviri və dekorativ-tətbiqi sənət əsərlərinin toplusudur. Təsviri incəsənətin bütün növlərini özündətam dolğunluğu ilə əks etdirən muzeydə Azərbaycan, qərbi Avropa, Rus, Şərq ölkələri incəsənəti nümayiş olunur.
Muzey 1920-ci ildə təşkil edilmiş və hal-hazırda XIX əsrin axırlarında inşa olunmuş memarlıq abidələri olan iki binada məskunlaşmışdır. Muzeyin ekspozisiyası tarixi xronoloji ardıcıllıqla ölkələr üzrə qurulmuşdur. Qərbi Avropa: italiya, Flandriya, Hollandiya, Almaniya, Fransa incəsənəti muzeydə LBassano, F.Solimena, A.Brauver, Y.Sustermans, P.KIass, A.F. Kaulbax, J.Dyüpre, Q.Dyüqe və XVI-XIX əsrlərin başqa məşhur sənətkarlarının əsərləri təmsil edir. Rus boyakarlıq məktəbi XVIII-XIX əsrin tanınmış rəssamlarının - V.Borovikovski, N.Arqunov, V.Tropinin, İ.Şışkin,V.Vereşşagin, İ.Ayvazovski, K.Korovin, və s. əsərləri ilə təqdim olunur. Azərbaycan incəsənəti ekspozisiyası tamaşaçmı köklərini qədim dövrlərdən götürən Azərbaycan təsviri incəsənətinin müasirliyə qədər keçdiyi inkişaf yolunda yaradılmış nəfis sənət nümunələri ilə tanış edir. Burada arxeoloji qazmtılar zamanı Mingəçevir və Xanlar rayonları ərazisindən tapılan, er.ə. VI-IV minilliklərə aid edilən məişət əşyaları, XI-XIX əsrlərin kaşı, bürünc, mis məmulatları, Quba, Təbriz, Bakı, Şirvan, Qarabag, Qazax kimi xalça mərkəzlərində toxunmuş xalçalar, şəbəkə, döymə, oyma üslublarında yaradılmış zərgərlik nümunələri sərgilənir. XV-XVI əsrlərdə yüksəliş dövrünü yaşamış, dünya incəsənəti tarixinə Soltan Məhəmməd, Məhəmmədi, Sadiq bəy Əfşar kimi dahilər bəxş etmiş Azərbaycan miniatür sənəti sonrakı yüzilliklərdə yeni formalar aşılayaraq inkişaf etmişdir. Ekspozisiyada XVII-XIX əsrlərdə yaradılmış dəzgah və kitab miniatürləri nümayiş olunur.
XIX əsr Azərbaycan təsviri incəsənətində realist çalarlar güclənir və bu dövrdə yaradılmış boyakarlıq və kitab qrafikası əsərlərində realist üslublar miniatür sənətinə xas olan şərti formalarla uyğunlaşdırılırdı. Bu yeni çalarlar XIX əsrin görkəmli f ırca ustaları Mirzə Qədim irəvani, Mir Mövsün Nəvvab, Abbas Hüseynin əsərlərində öz təzahürünü tapmışdır. Realist təsvir formaları XX əsrin əwəllərində yaşayıb yaratmış Bəhruz Kəngərli, Əzim Əzimzadənin yaradıcılığında daha qabarıq hiss olunurdu. Azərbaycan incəsənətinin mühüm və ən geniş yayılmış növlərindən olan xalça sənətinin nəfis nümunələri, müxtəlif dövrlərdə toxunmuş xovlu və xovsuz, mövzulu və ornamental xalçalar ekspozisiyada əhatəli təqdim olunur. Dünyanın ən iri muzeylərində - ingiltərənin Viktoriya və Albert, Rusiyanın Ermitaj, Fransanın Luvr, Amerikanın Tekstil, Türkiyənin Topqapı sarayı muzeyi - sərgilənən, H.Holbeyn, H.Memlinq kimi rəssamların əsərlərində əksini tapan Azərbaycan xalçaları Dövlət incəsənət Muzeyinin də bəzəyidir. Ekspozisiyada mövzulu xalçalardan "Dörd fəsil" (Təbriz), "Dərvişlər" (Təbiz), "Ovçuluq" (Qarabağ), ornamental xalçalardan "Əlixanlı" (Quba), "Pirəbədil" (Quba), "Suraxanı" (Bakı), "Şamaxı" (Şamaxı) kimi nadir sənət nümunələri göstərilir.
Azərbaycan dekorativ-tətbiqi sənət nümunələri öz heyrətamiz gözəlliyi və işlənmə texnikalarına görə dünya sənət tarixinin qızıl fonduna daxil olmuşlar.
Müasir Azərbaycan təsviri incəsənəti (boyakarlıq, heykəltaraşlıq, qrafika, dekoratif-tətbiqi sənət) ekspozisiyası tamaşaçını məşhur sənətkarların və cavan rəssamların yaradıcılığını təmsil edən son onilliklərdə yaradılmış əsərlərlə tanış edir.
Azərbaycan Dövlət incəsənət Muzeyinin zəngin toplusu keçmişin nadir bədii abidələrini görməyə, müasir sənətin xüsusiyyətlərinin açıqlanmasına imkan verir.

Azərbaycan Tarix Muzeyi


1920-ci ildə yaradılmış bu muzey Qafqaz regionunda olan böyük muzeylərdən biridir. Muzeyin yerləşdiyi bina 1896-cı ildə inşa edilmişdir və iri neft maqnatı H.Z.Tağıyevə məxsus olmuşdur. Muzeyin kolleksiyalarında və fondlarında maddi və mənəvi mədəniyyət abidələri, qədim zamanlardan bu günlərədək Azərbaycanın tarixinin əks olunduğu ölkənin siyasi tarixinin və sosial-iqtisadi həyatının sənədlərinin əsli toplanmışdır.



Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi



1945-ci ildə təşkil olunmuşdur. Azərbaycan şairi Nizami Gəncəvinin adınadır. Muzey 1959 və 1967-ci illərdə xeyli genişləndirilmiş və yenidən qurulmuşdur.Azərbaycan ədəbiyyatına və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur.

C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi



C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi 1934 – cü ildə yaradılmışdır. Muzeyin yaradıcısı və ilk direktoru görkəmli teatr xadimi, Bakı Teatr Texnikumunun direktor müavini, pedaqoq, Bakı Türk İşçi Teatrının əməkdaşı Ağakərim Şərifov olmuşdur.

Bu işdə ona Azərbaycanın görkəmli ziyalı və maarifçilərindən Üzeyir Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı, Əzim Əzimzadə, Əziz Şərif və digər sənət korifeyləri böyük dayaq olmuşlar. Muzey 1935 – ci ildən Azərbaycanın dahi dramaturqu Cəfər Cabbarlının adını daşıyır.

Bu gün muzeyin əas fondunda 130.000 – dən artıq eksponat qorunur. Bunlar milli teatrın yaranma tarixini, inkişaf yollarını, teatr korifeylərimizin həyat və yaradıcılığını özündə əks etdirir. Fondumuzda qorunan materialların böyük əksəriyyəti orijinaldır.

Muzeydə üç fond – arxiv – memuar, eskiz – maket, foto – neqativ fondları, iki şöbə – fonoteka, ekspozisiya – kütləvi şöbələri, bir kitabxana və foto – laboratoriya fəaliyyət göstərir. Arxiv – memuar fondunda müxtəlif tamaşaların nadir proqram və afişaları, əlyazmalar, rol dəftərləri, məktublar, rejissor eksplikasiyaları, teatr kostyumları, rekvizitlər, şəxsi əşyalar və sair şəxsi arxivlərdə cəmlənərək qorunur.

Bu sırada Hüsyen Ərəblinskinin, Hüseynqulu Sarabskinin, Üzeyir Hacıbəylinin, Müslüm Maqomayevin, Cəfər Cabbarlının, İsmayıl Hidayətzadənin, Sidqi Ruhullanın, Aleksandr Tuqanovun, Mirzə Ağa Əliyevin, Cəfər Cəfərovun, Ədil İskəndərovun, Mehdi Məmmədovun, İmran Qasımovun, Qürbət Qurbanovun, Həqiqət Rzayevanın, Möhsün Sənaninin, Ələsgər Ələkbərovun, Barat Şəkinskayanın, Hökümə Qurbanovanın, Məmmədkamal Kazımovun, Amaliya Pənahovanın və onlarla belə sənətkarların şəxsi arxivlərini, onlara məxsus yazılı sənədləri və xatirə əşyalarını misal göstərmək olar.

Bundan əlavə, fondda nadir kiatblara da rast gəlinir. M. F. Axundzadənin 1853 – cü ildə Tiflisdə nəşr olunmuş povest və komediyaları, 1923 – cü ildə nəşr olunmuş « Azərbaycan türk teatrının müxtəsər tarixçəsi », 1928 – 29 – cu illərdə çapdan çıxmış rusca – türkcə lüğətlər bu nümunələrdəndir. Fondda 26.701 adda eksponat qorunur.

Foto – neqativ fondunda tamaşalardan, sənətkarların həyat və yaradıcılığının ən maraqlı məqamlarından çəkilmiş foto və neqativlər mühafizə olunur. Burada müxtəlif illərə aid fotoşəkillər, ötən əsrin əvvəllərində şüşəyə çəkilmiş neqativlər, eləcə də Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Kazım Ziya, Mərziyyə Davudova, Əzizə Məmmədova, Sona Hacıyeva, Şövkət Məmmədova, Bülbül, Həqiqət Rzayeva, Qəmər Almaszadə və bu kimi sənətkarlara dair materiallar toplanıb. Ümumilikdə fondda 49.634 adda eksponat var.

Eskiz – maket fondunda isə teatr rəssamlarının səhnə tərtibatına və geyimlərə verdikləri eskizlər, tamaşaların müxtəlif pərdələrini görükdürən maketlər və sairə mühafizə olunur. Teatr rəssamlarından Əzim Əzimzadə, Rüstəm Mustafayev, İsmayıl Axundov, Mixail Tixomirov, Nikolay Ovçinnikov, Qəzənfər Xalıqov, Nüsrət Fətullayev, Mikayıl Abdullayev, İzzət Seyidova, Bədurə Əfqanlı, Kazım Kazımzadə, Ənvər Almaszadə, Əyyub Fətəliyev, Həsən Mustafayev, Altay Seyidov, Sergey Yefimenko, Elçin Aslanov, Elçin Məmmədov və başqalarının müxtəlif tamaşalara çəkdiyi bir sıra eskizlər məhz burada qorunur.

Hazırda fondda 9.430 adda eksponat saxlanılır. Fonoteka şöbəsində keçən əsrin teatr tamaşalarının, ayrı – ayrı sənətkarların səslərinin yazıldığı lent yazıları qorunur. Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Məcid Behbudovun və bu kimi ustad sənətkarların ifaları olan qrammafon valları şöbənin ən qədim eksponatlarındandır. Abbas Mirzə Şərifzadənin « Şeyx Sənan », « Hamlet » tamaşalarındakı monoloqu, Mərziyə Davudova, Sidqi Ruhulla, Fatma Qədri, Ələsgər Ələkbərov, Mirzə Ağa Əliyev, Hökümə Qurbanova və digər teatr korifeylərimizin səsləri yazılmış lent yazıları, müxtəlif tamaşalardan parçalar bu şöbədə saxlanılır.

Hazırda şöbədə 180 adda eksponat toplanıb. Muzeyin kitabxana fondu ədəbi tənqidə, teatr tənqidinə və tarixinə, sənətkarların həyat və yaradıcılıqlarına həsr olunmuş nəşrləri əldə edərək oxucuların istifadəsinə verir. Bunların sırasında C.Cəfərovun «Dramaturgiya və teatr», Q.Məmmədlinin «Azərbaycan teatr salnaməsi»,M.Məmmədovun «Teatr düşüncələri», İ.Kərimovun «Azərbaycan peşəkar teatrının tarixi və inkişaf mərhələləri», «Gənclik və gözəllik teatrı», A.Talıbzadənin «Ustad və ayna», İ. Rəhimlinin «Üç əsrin yüz otuz ili», A. Şərifovun «Azərbaycanda türk teatr tarixinin materialları» , Ə. Ələkbərovun «Sona Hacıyeva», Ə. Əliyevanın «Bizim GTT», «H. Ərblinski», adlı kitabları qeyd edə bilərik. Kitabxanada 4.000 adda material saxlanılır.

Muzeyin fondu daim yeni materiallarla zənginləşir. Elmi əməklaşlar teatrlarla sıx əlaqə saxlayır, hər ilin teatr mövsümünə dair materialları muzeyə toplayırlar. Eləcə də muzeyin fotoqrafı repertuarda olan tamaşaların foto – çəkilişlərini aparır. Muzeyimiz tərəfindən bu günə qədər toplanan və mühafizə olunan materiallar teatr tariximizlə bağlı yeni tədqiqatlar üçün əvəzedilməz xəzinədir. Təsadüfi deyil ki, muzey 2004 – cü ildə Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən «Azərbaycan teatr tarixinə dair materialların toplanılması və qorunmasına görə» Qızıl Dərviş mükafatına layiq görülmüşdür.

Muzeyin 7 zaldan ibarət ekspozisiyası teatr mədəniyyətimizi əks etdirən tarixi xronologiya üzrə qurulmuşudur. Burada Azərbaycan peşəkar teatrının yaranma tarixindən – 1873 – cü ildən başlayaraq teatrın təşəkkül dövrü, inkişafı, professionallaşması və milliləşməsi prosesilə, müxtəlif teatrların yaranması və fəaliyyəti ilə bağlı tam təəssürat yaranır. İlk zalda xalq oyunlarında rast gəlinən teatr elementlərini əks etdirən rəsmlər, Azərbaycana Avropa mədəniyyəti gətirmiş maarifçilərimizə, teatr korifeylərimizə həsr olunmuş guşələr, peşəkar teatrımızın ilk tamaşasının afişası və s. nümyaiş etdirilir.

Azərbaycanın ilk faciə aktyoru H. Ərəblinskinin Ə.B.Haqverdyevin «Ağa Məhəmməd Şah Qacar» əsərindəki Qacar obrazına tikilmiş kostyumu və rekvizitləri, XX əsrin əvvəllərində ipək parçalar üzərində yazılmış afişa və proqramlar tamaşaçılarda olduqca böyük maraq doğurur. Milli Dram Teatrının yaradıcılıq yolundan bəhs edən 2 – ci zalda teatr tariximizdə misilsiz xidmətləri olan və böyük sənətkarlıq nümunələri yaratmış dramaturq, rejissor və aktyorlarımıza aid sənədlər, foto – şəkillər, kostyumlar, xatirə əşyaları, müxtəlif obrazlara çəkilmiş geyim eskizləri, şəkillər və tamaşaların müxtəlif pərdələri üçün qurulmuş səhnələrin maketləri sərgilənir. Şərqdə və Avropada çox məşhur olan Azərbaycan musiqisi, opera və balet sənəti haqqında materiallar 3 – cü zalda əks olunub.

Bu zalda tamaşaçılara təqdim olunan «Leyli və Məcnun» operasının premyera afişası da qədim və nadir sənədlərdən biridir. Operetta janrında ilk tamaşaının proqramı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, Azərbaycan Dövlət Kukla Teatrının yaranma tarixi və yaradıcılığı ilə bağlı sənədlər 4 – cü zalda toplanıb. Milli peşəkar teatrın ayrılmaz hissəsinə çevrilən Azərbaycan Dövlət Rus Dram Teatrına aid afişalar, foto – şəkillər, maketlər, eskizlər, kostyum və kuklalar 5 – ci zalda nümyaş olunur.

Zaqafqaziyanın zəngin ənənəli ilk peşəkar Tiflis – Azərbaycan Teatrının, İrəvan Dövlət Azərbaycan Dram Teatrının, bölgə teatrlarının, o cümlədən ötən əsrin 90 – cı illərində yaranmış bir sıra yeni teatrların tarixini əks etdirən eksponatlar 6 – cı zalda sərgilənir. Muzeyin sonuncu, 7- ci zalı sərgi zalı kimi fəaliyyət göstərir və vaxtaşırı burada şəxsi kolleksiyalar və fond materialları əsasında müxtəlif mövzularda sərgilər nümyaiş olunur.

Muzeydə müntəzəm olaraq teatr tariximizlə, korifey sənətkarlarımızın həyat və yaradıcılıqları ilə bağlı yubiley sərgiləri hazırlanır, xatirə gecələri, tədbirlər keçirilir, mühazirlər oxunur. İl ərzində mütəmadi olaraq ayrı – ayrı vətəndaşlara, müxtəlif idarə və təşkilatlara, təhsil və mədəniyyət ocaqlarına, mətbuat orqanlarına, televiziya kanallarına fond materialları ilə metodiki köməklik göstərilir. Respublikamızda fəaliyyət göstərən bir sıra muzeylərin açılmasında Teatr Muzeyi fond materialları ilə yaxından köməklik etmişdir.



İstiqlal Muzeyi —



İstiqlal Muzeyi Azərbaycan xalqının milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı muzeydir.

Azərbaycan İstiqlal Muzeyi 1991-ci il yanvarın 9-da yaradılıb. O vaxt muzeyin cəmi 7000 eksponatı olub. Hazırda bu göstərici 20 000 eksponatdan artıqdır. Muzeyin ekspozisiyası 6 zalda nümayiş etdirilir :

Azərbaycan İstiqlal Muzeyində rəsm və heykəltaraşlıq əsərləri, xəritələr, şəkillər, kitablr, pul əskinazları və başqa eksponatlar nümayiş etdirilir. Muzeyin ekspozisiyasında müxtəlif tarixi hadisılırı aid maraqlı tematik sırgilər və tədbirlər keçirilir.

Əslində bu muzeyin tarixi daha uzaq dövrə – 1919-cu ilə gedib çıxır. Çünki Azərbaycanın ilk dövlət muzeyi də məhz İstiqlal Muzeyi olub. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan İstiqlal Muzeyi cəmisi bir neçə ay fəaliyyət göstərmişdi. 1920-ci ilin 28 aprelində Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra muzey fəaliyyətini dayandırdı.

Muzey öz fəaliyyətini 71 il sonra müstəqilliyimizlə birlikdə bərpa etdi. Beləliklə, 1991-ci il yanvarın 9-da İstiqlal Muzeyi yaradıldı. 1919-cu ildə yaradılan muzeydən heç bir eksponat qalmasa da, yenidən fəaliyyətə başlayan muzey "İstiqlal" adını alaraq, birinci muzeyin mənəvi varisi oldu.





Muzeyin yaradılmasında məqsəd ən qədim zamanlardan müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələri və xalqımızın azadlığı uğrunda çarpışan fədailərin mübarizə yolunu əks etdirməkdir. Muzey 6 zaldan ibarətdir.

1-ci zalda Azərbaycanın dövlət rəmzləri – ölkəmizin üçrəngli bayrağı, Dövlət Gerbi, Dövlət himni və Dövlət Konstitusiyasını əks etdirən sənədlər nümayiş olunur. Bu zalda XVIII əsrin ikinci yarısında Azərbaycanın xanlıqlara bölünməsinə, Vətənimizin işğalı uğrunda Rusiya ilə İran arasında gedən müharibələrə (1804-1828), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin bağlanmasına dair materiallar da yer alıb.

Ermənistanın Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində ölkəmizin ərazisinin 20% zəbt olunub. İşğal olunmuş ərazilərdə digər mədəniyyət müəssisələri ilə yanaşı, 22 muzey də qalıb, zəngin eksponatları qarət olunub. Bu muzeylərdən yalnız Cəbrayıl və Füzuli rayonlarındakı tarix-diyarşünaslıq muzeylərinin xilas olunmuş eksponatları bizim muzeydə nümayiş olunur.

2-ci zal XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Bu dövr Azərbaycan üçün tarixi baxımdan qısa, lakin mahiyyətinə görə çox zəngin dövr olub. Bu, mədəniyyət və elmin, neft sənayesinin inkişafı, H.Z.Tağıyev, M.Nağıyev, M.Muxtarov kimi neft milyonçuları tərəfindən yeni binaların, məktəblərin, teatrların, xəstəxanaların tikildiyi dövr idi. Həmin tarixi dövrü əks etdirən materiallar bu zalda nümayiş olunur. Burada həmçinin A.A.Bakıxanovun, M.C.Topçubaşovun, milli mətbuatımızın əsasını qoyan H.B.Zərdabinin və digər ədib və ziyalıların fəaliyyətini əks etdirən materiallar toplanıb. Zalın digər bölməsində 1918-ci il 31 mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materialları, sənədlər nümayiş etdirilir.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə bu zalda geniş yer ayrılıb. Zalın eksponatlarında Cümhuriyyətin yaradıcılarından olan M.Ə.Rəsulzadə, F.X.Xoyski, Ə.B.Topçubaşov və digər görkəmli şəxsiyyətlərin tarixi anlarını əks etdirən fotolar, o zamanın pul vahidləri, poçt markaları, həmin dövrün müxtəlif hadisələrini əks etdirən materiallar yer alıb.

Tarixdən bəllidir ki, 1828-ci ildə Türkmənçay müqaviləsinin bağlanması ilə Azərbaycan 2 hissəyə bölündü: şimali Azərbaycan çar Rusiyasına, cənubi Azərbaycan isə İrana birləşdirildi. Vətənimizin cənubunda yaşayan azərbaycanlılar XX əsrin əvvəlində öz müstəqilliyi uğrunda mübarizəyə qalxdılar.

Muzeyin 3-cü zalı bu mövzuya həsr olunub. Burada Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatlarından – 1905-1911-ci illər Məşrutə hərəkatı, 1917-1920-ci illər Şeyx Məhəmməd Xiyabani hərəkatı, 1941-1945-ci illərdəki "21 Azər" hərəkatından (Seyid Cəfər Pişəvərinin başçılığı ilə) danışılır. Buradakı materialların bir çoxu "21 Azər" hərəkatının iştirakçısı olmuş tarixçi Lütfəli Ərdəbilinin köməyi ilə toplanıb. Zalda həmçinin Cənubi Azərbaycanda görkəmli şəxsiyyətlərin, şair və yazıçıların, elm xadimlərinin portretləri nümayiş etdirilir.

4-cü ekspozisiya zalı iki hissədən ibarətdir. Birinci hissəsi ötən əsrin 20-30-cu illərində Azərbaycanda repressiyaya məruz qalan görkəmli şəxsiyyətlər haqqında məlumat verir. Zalın digər bölməsi isə II Dünya müharibəsində (1939-1945) ölkəmizin qəhrəman oğul və qızlarının ön və arxa cəbhədə göstərdiyi şücaəti əks etdirir. Burada nümayiş olunan silah, partladılmış mərmi, çap maşını, Morze teleqraf aparatı, səhra telefonu xüsusi maraq doğurur.

5-ci zal Qarabağ hadisələrinə həsr olunub. 1988-ci ildən başlayaraq Ermənistanın ölkəmizə qarşı işğalçılıq müharibəsi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonları zəbt olunub. Bu dövrdə Ermənistan ərazisindəki tarixi yurdlarımızdan, habelə Dağlıq Qarabağ və ətraf bölgələrdən 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. Bu mövzuya muzeydə böyük yer ayrılıb. Burada 20 Yanvar hadisələrini, Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotolar, müxtəlif sənədli materiallar da nümayiş etdirilir. Zalda həmçinin Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçib, şəhidlik zirvəsinə ucalan milli qəhrəmanlarımızın şəkilləri, onların bəziləri haqqında məlumat, şəxsi əşyaları, hərbi geyim formaları nümayiş etdirilir.

1993-cü il iyunun 15-də Heydər Əliyev Bakıya dəvət olunur və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Bu tarixdən başlayaraq ölkəmizin keçdiyi inkişaf yolu haqqında məlumatı muzeyin ziyarətçilərinə 6-cı zalda geniş məlumat verilir. Burada müstəqil Azərbaycanın dövlət və ordu quruculuğunu, xarici siyasətini, iqtisadiyyatını, Azərbaycanın tarixi üçün çox əhəmiyyətli olan "Əsrin müqaviləsi"nin (1994) bağlanması, ölkəmizin mədəniyyətini, beynəlxalq təşkilatlarda iştirakını əks etdirən fotoxronika nümayiş olunmaqla yanaşı, sabiq prezident Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyevin fəaliyyətini əks etdirən materiallar diqqəti cəlb edir.

Ekspozisiyada Xalq rəssamı Altay Hacıyevin "Cavad xan", rəssam-heykəltəraş Sabir Çopurovun neftdən istifadə edərək əl ilə çəkdiyi "Qarabağ", Əzim Əzimzadənin II Dünya müharibəsinə həsr olunmuş rəsm əsərləri, keramist-rəssam Məzahir Əfşarın "Dədə Qorqud" maketi və digər eksponatlar nümayiş olunur