Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
29 Noyabr , 2016

Aşıq Əzizxan Bəndəliyev.Onunla xeyli söhbət etdik, uşaqlıq illərindən, gəncliyindən, əlinə saz aldığı ilk günlərdən, ustadlarından danışdı.O danışırdı Sarı aşıqdan, Ələsgərdən, Hüseyndən, Şakirdən.Aşıq Əhməd  isə dilinin əzbəri  idi. Əzizxanın sözü qurtarmaq, söhbəti bitmək bilmirdi.Ustadnamədən qoşmaya, təcnisdən dodaqdəyməzə  keçirdi.Aşıq Əzizxan haqqında danışarkən bir az keçmişi xatırlatmaq yaxşıdır.Söz vaxtına çəkər, 20 il bundan əvvəlin baharı, kənddə çal-çağır vaxtı idi.Qızlara nişan, oğlanlara toy qurdular.Deyirlər Aratkənd kəndində toy varmış.Toyu Şirvanlı aşıq Əhməd Rüstəmov idarə edirmiş.Əzizxan da bir dəstə cavanla toya tamaşa edərkən camaat onu aşığa nişan verir. Aşıq  Əhməd bu ariq oğlanı yanına çağırıb:

-Al bu sazı, bir-iki ağız oxu- deyir.Əzizxan çəkinmədən məclisə girir.Elə bil çoxdan oxuyub çalırmış.Barmaqlarını simə toxundurur.Telli saz dilə gəlir.O xəstə, Qasımdan bir ustadnamə oxuyur.Aşıq Əhməd bu kənd uşaqının istedadını görüb sevinir.Üzünü məclis əhlinə tutub deyir:- Göz olun bu uşaqdan. Əgər öyrənsə, çalışsa, bundan yaxşı sənətkar olar. İllər gəlib keçdi.Əzizxanın aşıq ömrü isə bu illərin sevincinə, fərəhinə büründü.Bütün Şirvanda onun haqqında xoş sözlər gəzdi, adı adlı sanlı- aşıqlar sırasında çəkildi.İlk uğurlu çıxışı və ona verilən mükafat 1957-ci ildə oldu.Əzizxan bir dəstə aşıqla Bakıya çağrıldı.Qəhrəman nefçilər qarşısında çıxış etdi.Gənc aşıq “Qara qızıl” ustaları ilə görüşündən ruhlanaraq “Neftçi qardaş”qoşmasını yazdı.Sonra gənc aşıqların respublika qalibi kimi ona fəxri fərman və diplom verildi.O, 1963-cü ildə Bakıda keçirilən xalq yaradıcılığına baxış müsabiqəsində iştirak edərək, müsabiqənin laureatı oldu.1970-1979-cu illər.Aşıq Əzizxan bu illərdə aşıq Ələsgər adına xalq yaradıcılığı evinin üzvü seçildi.Azərbaycan Dövlət filarmoniyasında çıxış etmək üçün vəsiqə aldı, səsi lentə köçürüldü. Onu da deyim ki, el sənətinə bağlılıq, musiqiyə həvəs Əzizxangilə, ailəsinə nəsib oldu.Oğlu Vəzirxanın məlahətli səsi var.Səyyub yaxşı roman çalır,Sahib isə gitara və feomdə çalır.Qızı Yeganə və gəlini Günəş isə yaxşı oxumağı və rəqs etməyi bacarırlar.Demək olar ki, bu ailə el şənliklərinə və ictimai tədbirlərə birlikdə gedir.Bu ailəni təkcə Ağsulular deyil, qonşu Kürdəmir, İsmayıllı, Ucar, Göyçay zəhmətkeşləri də yaxşı tanıyırlar. Aşıq Əzizxan 30-dan çox dastan, xeyli qoşma və ustadnamələr bilir.O, özü isə “Müəllim”, “Qızlar”, “Kəndimiz”, “Bahar gəlir” və başqa aşıq mahnılarının müəllifidir.  Hazırda aşıq Əzizxan Bəndəliyev rayon mədəniyyət evində işləyir.Onun rəhbərliyi ilə rayonda aşıqlar dəstəsi yetişmişdir. Nurməmməd, Ramiz aşıq Əzizxanın yetirmələridir. Bəli, aşıqla görüşümüz belə oldu.Onun söhbətini eşitdikcə xəyalım Şirvan aşıqlarının yanına uçurdu:düşündüm ki, aşıqlıq sənəti çox qədimdir.Bizim Şirvanda neçə-neçə aşıqlar yetişib.Onlardan biri də aşıq Əzizxandır.

(Birlik,24 İyun 1980-ci il ,№74)