Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
1 Dekabr , 2016
Ağsu şəhərində onu hamı tanıyır. Sadə,qayğıkeş, sənətini dərindən sevən bir müəllim kimi.Hamı ona hörmət edir.Rayonda ilk xarici dil müəllimlərindən biri olan müəllim haqqında elə səmimi söhbətlər edirlər ki, istər-istəməz adamda ona qarşı böyük məhəbbət hissi yaranır.Onun saçları ağarsa da qəlbində gənclik eşqi çağlayır.Hər il neçə-neçə gənci həyat üçün, cəmiyyət üçün hazırlayır. Söhbət Ağsu şəhər 1 nömrəli orta məktəbinin ingilis dili müəllimi Şirinbəyim Mütəllimova haqqında gedir.Ömrünün 25 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr edən bu müəllim haqqında çox danışmaq olar.Bircə faktı qeyd etmək lazımdır ki,rayonda xarici dil müəllimlərinin əksəriyyəti onun şagirdi olmuş,ondan öyrənmişdir.Müəllimlərdən Səadət Məmmədova,Tovus Hüseynova,Yaşar Qocamanov, ingilis dili fakültəsinin V kurs tələbəsi Qiyas Güləliyev və başqalarında bu dili öyrənməyə meyli həmin müəllim oyatmışdır.Mənim də bu gün ingilis dili fakültəsində oxumağımın əsil səbəbkarı Şirinbəyim müəllimdir.Bu günkü səadətə-tələbə olmaq,sevdiyim-seçdiyim bir dili öyrənmək səadətinə çatdığım üçün Şirinbəyim müəllimə borcluyam.

(Birlik,6 Yanvar 1979-cu il,№3)