Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
6 Dekabr , 2016
İnsanlara sevinc gətirən,qəmli ürəklərə ümid verən,ürəyin ən həzin tellərinə toxunan, kövrək bir duyğudur musiqi...Analarımızın laylası,körpələrimizin gülüşü,kədərimizə,sevincimizə şərik olan şirin bir təsəllidir musiqi...Səhər yuxusu qədər şirin,məhəbbətin özü qədər ülvi,sirli bir nağıla bənzər musiqi...Bəli,sirli bir nağıla...Bəlkə də elə buna görədir ki,musiqinin ecazkar qüvvəsi məni şəhər 7 illik musiqi məktəbinə gətirib çıxartdı.Otaqlardan axıb gələn şən musiqi sanki qəlbimə dolur.Analarımızın laylasını xatırladır mənə.Məktəbin direktoru Ağabağır Bağırovla görüşüb söhbət edirik.Ağabağır müəllim deyir:

-Bu il məktəbin 10 yaşı tamam olur.Biz məktəbin yubileyinə böyük sevinclə hazırlaşırıq.

Mən Ağabağır müəllimdən məktəbin yetişdirmələri haqqında danışmağı xahiş edirəm:

-Görürsüz də bizim xoşbəxt,körpə balalarımız Üzeyirin, Q.Qarayevin, Çaykovskinin,Bethovenin,eləcə də,Azərbaycan xalq musiqimizin incəliklərini necə də sevə-sevə öyrənirlər.Məktəbdə 10 dəfə buraxılış olub ,53 şagird burada musiqi təhsili almışdır. Vaxtı ilə məktəbin şagirdi olan Sərdar Mirzəyev,Mehparə Xəlilova,Adilə Muradova indi siniflərə müəllim kimi daxil olurlar.Sərdar tar sinfində dərs deməklə yanaşı, təhsilini,Sumqayıt musiqi məktəbində də davam etdirir.Mehparə isə musiqi ədəbiyyatından və pianinodan dərs deyir.Eyni zamanda Şəki Musiqi Məktəbində qiyabi təhsil alır.Əlbəttə,onlar bu məktəbin yetişdirmələridirlər.Bu isə bizi sevindirməyə bilməz.Hazırda məktəbdə tar və pianino sinfində 112 nəfər şagird oxuyur.Məktəbimizdə xalq çalğı alətləri ansambıl da fəaliyyət göstərir.Ansamblda istedadlı gənclər çoxdur.Onlar tez-tez rayon zəhmətkeşləri qarşısında çıxış edirlər.Artıq 10 illik tarixə malik olan musiqi məktəbi üçün yaraşıqlı,geniş bina tikməyin vaxtı gəlib çatmışdır. Bu zaman zəng vurulur.Səhər növbəsinin 3-cü dərs saatı başlanır.Mən Ağabağır müəllimlə Adilə Muradovanın sinfinə daxil oluram.Hə,başla görək,-deyə Adilə müəllim VIII sinifdə oxuyan Cavanşirə müraciət edir.Çahargahın xoş təranələri ətrafa yayılır.Adilə müəllim muğamın sirlərini dərin bir məsuliyyət hissi ilə öyrədir.Muğam sona yetir.Cavanşiri Namik əvəz edir.Biz Cavanşiri də,Namiki də müəllimlə birlikdə həvəslə dinləyirik.Bu istedadlı şagirdlərlə maraqlanıram.Adilə müəllim deyir:

-Cavanşir də,Namiq də dərs əlaçısıdırlar.Bunlar bizim fəxrimizdir.Biz onların sabahına ümidlər bəsləyirik.Dərs dediyimiz şagirdlər arasında belələri çoxdur.Artıq musiqi məktəbindən ayrılıb xoş təəssüratla geri qayıdıram.Müəllimin bir sözünü öz-özümə təkrar edirəm: biz onların sabahına ümidlər bəsləyirik.Əlbəttə kim bilir bunların arasında nə qədər istedadlar yetişir.Bəlkə də,onların sorağını yalnız bu məktəbdən yox,daha uzaqlardan eşidəcəyik.

(Birlik,30 İyun 1977-ci il,№76)