Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
8 Dekabr , 2016

Bürkülü yay  günü idi.Bakıdan çıxan avtobus yolu təkərlərinə dolayaraq sərnişinlərin mənzil başına çatma vaxtını azaldırdı.Avtobusda tünlük olduğundan nəfəs almaq belə çətin idi.Bu isə ,sərnişinləri daha da darıxdırırdı.Belə halda söhbət darıxmamaq üçün ən yaxşı vasitə idi.Ona görə də avtobusda bir-birini tanıyan da,tanımayan da müxtəlif məzmunlu söhbətlər edir,başlarını qarışdırırdılar.Orta cərgələrin birində əyləşən arıq, qarayanız oğlan heç bir söhbətə qarışmadan öz işi ilə məşğul idi.Görünür,məşhur riyaziyyatçı Evarist Qalua haqqında yazılmış “Allahların sevimlisi”əsəri onu hər şeydən təcrid etmişdi.Birdən avtobus sərt bir dönüşlə sürət götürüb,başıaşağı”uçmağa”başladı.Sürücünün biganə hərəkəti oğlanın diqqətini kitabdan ayırdı.Gənc sərnişin irəli boylandı.Dağlara dolanan yollar təbiətin əcrarəngiz sinəsi ilə uzanırdı.Aşırım aşırımı əvəz etdikcə daha gözəl mənzərələr üzə çıxırdı.Bayaqkı səs-küydən indi əsər-əlamət qalmamışdı.Təbiət övladlarını özünə belə valeh,belə məftun eləmişdi.Hərisliklə təbiəti seyr edən oğlan birdən nə fikirləşdisə, cəld hərəkətlə əlindəki kitabı açdı.Leopold İnfeldin Qaluası ilə söhbəti davam etdirməyə başladı. Bir az keçmiş avtobus rayon mərkəzinə çatdı.Haqqında danışdığımız oğlan əlindəki qovluğu qoltuğuna vurub avtobusdan düşdü.Cəld addımlarla RXMŞ-nin yerləşdiyi binaya tərəf yollandı.Orada onu gülərüzlə qarşılayıb,işləyəcəyi məktəbin adını dedilər.Elə bil dünən idi.Alverdi Həmzəyev orta məktəbi bitirdi.Başqaları kimi tərəddüd etmədi.Sənədlərini V.İ.Lenin adına APİ- nin riyaziyyat fakültəsinə verdi.Fərəhli nəticələrlə instututa qəbul edildi.Qaynar tələbəlik illəri (Tələbə olanların hamısı o illəri həsrətlə xatırlayır) belə başlandı.Günlər ötdü.Aylar tamamlanıb illərə döndü.Quş qanadlı illər öz hökmünü verdi.İllər onun adına müəllim sözünü əlavə etdi:Alverdi müəllim.Ərəbuşağı kənd orta məktəbində fəaliyyətə başlayan Alverdi müəllim müəllimliyinin ilk gününü xatırlayaraq deyir:

 -Həmin gün məni sevinc dolu bir həyəcan bürümüşdü.Tez-tez özümə: “Görəsən uşaqlar məni necə qarşılayacaqlar,özümü onlara sevdirə biləcəyəmmi?”kimi suallar verirdim.Doğrusu,tələbəlik illərində də tez-tez bu sualları özümə verirdim.Amma bu günkü qədər həyəcanlanmamışdım.Sanki,çətin bir fəndən”xəsis” müəllimə imtahan verəcəkdim.Alverdi müəllim bu sınaqdan yaxşı çıxdı.Elə ilk gündən şagirdlərin sevimlisi oldu. Sevimli müəllimlərindən,yuxusuz gecələrinin əziz qonağı olan kitablardan öyrəndiklərini həvəslə,sevinclə şagirdlərə öyrətməyə başladı.O vaxtdan altı il keçmişdir.Keçən illər ərzində Alverdi müəllim yüz dəfələrlə,sinifə girmiş onlarca düstur teorem və riyazi qanunları öz sevimlilərinə öyrətmişdir.Öz fənninə olan məhəbbəti onu peşəsinin ustadına çevirmişdir.Tədrisdə müvəffəqiyyət! Bunun üçün aparılan təcrübələr,axtarışlar və üsullar Alverdi müəllimi həmişə düşündürür.Odur ki, onun müasir dərsin tələblərinə uyğun və tam əyanilik şəraitində keçən dərsləri yüksək səviyyədə mənimsənilir.Daima axtarışda olan müəllim tədris etdiyi fənnə şagirdlərin marağını artırmaq üçün çalışır,yeni yollar axtarır.Məktəbin ictimai işlərində yaxından fəaliyyət göstərən Alverdi müəllim iş yoldaşlarının hörmətini qazanmışdır.Şagirdlər arasında xüsusi hörməti olan, sevilən,qayğıkeş məsləhətləri ilə hörmət qazanan Alverdi müəllim həm də gözəl ailə başçısıdır.

(Birlik,3 Fevral 1976-ci il,№14)