Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
“Birlik” qəzeti.(1971-1984)
9 Dekabr , 2016
Bu yaxınlarda kitabxanamıza yeni çapdan çıxmış onlarca kitab daxil olmuşdur.Oxucuları həmin kitabların bəziləri ilə tanış etmək istəyirik.Siz yəqin ki, görkəmli xalq yazıçısı M.İbrahimovun “Seçilmiş əsərləri” nin 3 cildi ilə tanış olmusunuz.İndi isə yazıçının dördüncü cildini oxuya bilərsiniz.Bu cilddə M.İbrahimovun hekayə və povestləri ilə yanaşı, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar” pyesləri çap edilmişdir.S.Vurğunun 6 cildliyinin son cildi oxucuların ixtiyarına verilmişdir.Burada şairin bədii ədəbiyyata və incəsənətə dair məqalə və nitqləri, dostlara və sənət adamlarına məktubları ilə tanış olmaq olar.Ə.Vəliyevin “Durna qatarı” başlığı altında yazdığı oçerklərindən bəziləri müxtəlif mətbuat səhifələrində dərc edilmişdir.Yazıçının bu oçerkləri indi kitab şəklində toplanmışdır.Burada 150 nəfər adlı-sanlı Azərbaycan qadını haqqında söhbət gedir.Hörmətli şairimiz M.Dilbazinin yeni kitabı belə adlanır: “Ana qanadı”.Kitabda şairin yeni yazdığı lirik şerləri, uşaqlar üçün yazdığı mənzum nağılları, kiçik pyesləri və poemaları toplanmışdır. Mehdi Hüseynzadənin əfsanəvi qəhrəmanlığı ilə siz “Uzaq sahillərdə” kitabında tanış olmuşsunuz.Həmin kitabın müəlliflərindən biri olan İ.Qasımov yenidən İtaliyaya getmiş, Adriatik sahillərini gəzmiş və həmyerlimiz haqqında yeni materiallar toplamışdır.Yazıçının “İtaliyaya mozaikası” kitabı bu təəssürat nəticəsində yazılmışdır.Kitabxanamıza həmçinin siyasi, fəlsəfi, ictimai, texniki və başqa sahələrdən yazılmış yeni kitablar daxil olmuşdur.Mir Cəlal və P.Xəlilovun “Ədəbiyyatşünaslığın əsasları” kitabı ədəbi növlər və janrlar, ədəbi metod və ədəbi məktəb məsələlərindən bəhs edir.Kitab ədəbiyyat müəllimləri, tələbələr, ədəbiyyat həvəskarları üçün qiymətli vəsaitdir.A.Moiseyevin və V.Kuznetsovun “Kütləvi iqtisadiyyat” kitabı partiya təhsili sistemində marksizm-lenizm əsasları məktəbinin dinləyiciləri üçün nəzərdə tutulmuşdur.“Fəlsəfi biliklərin əsasları” kitabı da bu qəbildəndir. Yeni elm olan evristikadan bəhs edən “Aha və onun sirləri”, “Fikir ardınca” kitablarında isə insan psixikasından, bu günkü elmin əhval-ruhiyyənin gizli təkanverici qüvvəsini necə tədqiq etdiyindən, maşınların necə tədricən “ağıllanmasından” danışılır.Həmin kitablarla daha ətraflı tanış olmaq üçün kitabxanamıza gəlmənizi məsləhət görürük.

(Birlik, 25 Yanvar 1973-cü il, №10)