Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İlin yubilyarları
15 Avqust , 2017
Xurşidbanu Natəvan Mehdiqulu xan qızı 1832-ci il avqust ayının 15-də anadan olmuşdur. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sоnuncu vərəsəsi оlduğu üçün, оnu sarayda “Dürrü yekta” (Tək inci), el arasında isə “Xan qızı” deyə çağırmışlar. İlk təhsilini evdə almış, Şərq dillərini öyrənmiş, Firdovsi, Nizami, Sədi, Nəvai, Füzuli və s. klassiklərin əsərlərini dərindən oxumuşdur. Natəvan Azərbaycan ədəbiyyatı tarixində xüsusi yeri olan görkəmli sənətkardır. O, parlaq istedada və qabaqcıl ideyalara malik olan şəxsiyyət olmuşdur. Yaradıcılığa ənənəvi Şərq mövzu və janrlarında şeirlərlə başlamışdır. Qəzəllərində məhəbbət, təbiət gözəllikləri (“Gülüm”, “Qərənfil” və s.) tərənnüm olunur. Əsərləri dərin səmimiyyəti, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şeirlərində təkrir, qoşma, rədif, məcaz və s. bədii vasitələrdən məharətlə işlədərək, şeirlərinin bədii təsirinin daha da güclənməsinə səbəb olmuşdur. Dərin biliyə malik olan, xüsusən ədəbiyyata yüksək qiymət verən, özü də şeirlər yazan Natəvan 1872-ci ildə Şuşada “Məclisi-üns” adlı şairlər birliyi yaratmış, 2 ildən çox həmin məclisin rəhbəri olmuş və onun maliyyə xərclərini ödəmişdir. Azərbaycanın, əsasən də Qarabağın ən tanınmış şair və ziyalılarını bir yerə toplayan, dərin ədəbi mübahisələr aparan bu ədəbi məclis bir çox tanınmış şair və yazıçıların yetişməsində müstəsna rol oynamışdır. Dövrünün ziyalılarından olan Xasay xan Usmiyevlə ailə qurmuş, ancaq evliliyi uğurlu alınmamışdır. 1858-ci ildə Qafqaza səyahətə çıxmış məşhur fransız yazıçısı A.Düma ilə Bakıda görüşmüş, öz əl işləri ilə bəzədilmiş tütün qabını ona hədiyyə etmişdir. Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı və mesenatlığı ilə tanınmışdır. O, kasıblara əl tutmuş, 1873-cü ildə sudan korluq çəkən Şuşaya su kəməri çəkdirmişdir. Bu su kəməri “Xan qızı bulağı” adı ilə məşhurdur. O, həm də istedadlı rəssam olmuşdur. Onun bədii tikmələri, “Gül dəftəri” (1886) adlı albomundakı rəsmlər buna sübutdur. Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar professor V.Adıgözəlov “Xan qızı Natəvan” operasını yazmışdır. M.Rahimin “Natəvan” poeması şairəyə həsr olunmuşdur. Natəvan 1897-ci ildə vəfat etmişdir. Ağdamın “İmarət” qəbiristanlığında dəfn olunmuşdur. Ömər Eldarovun Natəvanın şərəfinə ucaltdığı heykəl Bakının mərkəzini bəzəyən ən gözəl abidələrdəndir. 2016-cı il fevralın 18-də Heydər Əliyev Fondunun dəstəyi ilə Belçika Krallığının Vaterlo şəhərində Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi olmuşdur.