Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İlin yubilyarları
19 Avqust , 2017
Mirvarid Dilbazi 1912-ci il avqust ayının 19-da Azərbaycanın Qazax mahalının Xanlıqlar (indiki Musaköy) kəndində anadan olmuşdur. Orta təhsilini Bakıda Qızlar seminariyasında (1927), ali pedaqoji təhsilini isə APİ-nin dil və ədəbiyyat fakültəsində almışdır (1932). Əmək fəaliyyətinə Bakı və Qubada müəllim kimi başlamışdır. Daha sonra Azərbaycan EA-nın Əlyazmalar fondunda şöbə müdiri (1934-38), Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi (1938-1940) işləmişdir. M.Dilbazi ədəbi yaradıcılığa 1927-ci ildə “Oktyabr alovları” adlı məcmuədə dərc olunmuş “Qadınların hürriyyəti” şeiri ilə başlamışdır.“Bizim səsimiz” adlı ilk kitabı 1934-cü ildə dərc olunmuşdur. M.Dilbazi ilk şeirindən xalqının zəngin tarixi keçmişini, xalqlar dostluğunu, sülhü və əmin-amanlığı, azadlıq uğrunda mübarizəni və qadın azadlığını tərənnüm etmişdir. Bu baxımdan “Vətənə məhəbət” (1949), “Əlcəzair qızı” (1963), “Yasəmən fəsli” (1976) şeir kitabları şairənin arzu və istəklərini geniş şəkildə tərənnüm edir. M.Dilbazinin 1970-1980-cı illərdə “Bənövşələr üşüyəndə” (1970), “Ana qanadı” (1972), “Dağ çiçəyi” (1977), “Seçilmiş şeirlər” (1979), “Çiçəkdən-çiçəyə” (1991), “Seçilmiş əsərləri” (2004) şeir kitabları çap olunmuşdur. M.Dilbazi həmçinin uşaqların və yeniyetmələrin də sevimli şairəsidir. Məhz ona gorə də, yazıçı yaradıcılığının böyük bir qismini onlara həsr etmişdir. Ədəbi yaradıcılıq yolunda tərcüməçiliklə də məşğul olmuş, Evripidin “İppolit”pyesini, Nizaminin, Puşkinin, Mixalkovun, Nəvainin, Seretelinin, Tixonovun və b. əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.M.Dilbazi Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə,Ümumittifaq miqyasında simpozium, müşavirə və görüşlərdə fəal iştirak etmişdir. Dəfələrlə SSRİ Yazıçılarının qurultayına nümayəndə və Bakı Sovetinə deputat seçilmişdir. Sovet Sülhü Müdafiə Komitəsinin üzvü olmuşdur (1949). M.Dilbazinin yazıçı əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, iki dəfə “Şərəf “nişanı və “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” ordenləri ilə, beş medalla, Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 1967-ci ildə Azərbaycan SSRİ-nin “Əməkdar mədəniyyət işçisi”, 1979-cu ildə Azərbaycan SSR-in ilk qadın “Xalq şairəsi” fəxri adlarına və 1986-cı ildə Azərbaycan SSRİ-nin Dövlət Mükafatına layiq görülmüşdür. Mirvarid Dilbazi 2001-ci il iyul ayında vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur.