Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İlin yubilyarları
10 Sentyabr , 2017
Mustafa Şura oğlu Mustafayev (Mustafa Çəmənli) 1947-ci il sentyabr ayının 10-da Ağdam rayonunun Çəmənli kəndində anadan olmuşdur. İlk təhsilini doğma kənd məktəbində, daha sonra Mingəçevir şəhərində almışdır. 1970-1972-ci illərdə Bakıda “Kommunist” nəşriyyatında çapçı köməkçisi, sonra “Paris Kommunası” adına Gəmitəmiri zavodunda qəlibçi kimi çalışmışdır. 1972-1977-ci illərdə ADU-nun jurnalistika fakültəsində təhsil almışdır. 1977-1988-ci illərdə təyinatla göndərildiyi “Yazıçı” nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və folklor redaksiyasının müdiri, 1988-1992-ci illərdə nəşriyyatın nəsr redaksiyasının müdiri vəzifələrində işləmişdir. 1992-2006-cı illərdə “Gənclik” nəşriyyatında baş redaktor vəzifəsində çalışmışdır. 1979-cu ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1988-ci ildən Yazıçılar Birliyinin üzvüdür. Bədii yaradıcılığa tələbəlik illərindən başlamışdır. “Ləpirlər” adlı ilk hekayəsi 1973-cü ildə “Mingəçevir işıqları” qəzetində dərc olunmuşdur. Yazıçının uzun araşdırmalarının nəticəsi olan tarixi romanları oxucular tərəfindən ən çox oxunan kitabların siyahısına düşmüşdür. “Xallı gürzə” romanı 4 dəfə böyük tirajla nəşr edilmiş, tarixi romanlar arasında öz layiqli yerini tutmuşdur.M.Çəmənlinin xalqımıza etdiyi ən dəyərli xidmətlərdən biri də Azərbaycanın mədəniyyət və incəsənət sahəsində xidmətləri olan görkəmli sənətkarlar haqqında ərsəyə gətirdiyi kitablardır. “Nəğməli xatirələr” (Əbülfət Əliyev haqqında xatirə-povest), “Muğam dünyasının Xanı”, “Səsin ruhu” (Səxavət Məmmədov haqqında), “Oxu, gözəl” (Şövkət Ələkbərova haqqında), “Sənətkar ömrünün izləri” (Xanlar Haqverdiyev haqqında), “Leyli və Məcnun” - 100 il səhnədə” (sənədli-bədii ensiklopediya), “Sənət hekayələri” əsərləri belə gərgin əməyin nəticəsidir. Heydər Əliyev Fondunu“AzərbaycanRespublikasının Xalq artistləri” silsiləsindən nəşr etdiyi - “Arif Babayev - 70”, “Habil Əliyev - 80”, “Əlibaba Məmmədov - 80”, “Əlibaba Məmmədov: Ürək deyir, yaşa hələ...”, “Canəli Əkbərov - 70”, Ağaxan Abdullayev - 60” albom-kitablarının mətn müəllifidir. Bununla yanaşı onlarca kitabın kitabın tərtibçisi və ön sözün müəllifidir. Milli musiqi ifaçılığı sənətinin təbliğinə görə 1993-cü ildə Mətbuat Fondunun “Dan ulduzu” mükafatına, ön cəbhədəki çıxışlarına və hərbi vətənpərvərlik ruhlu məqalələrinə görə Yazıçılar Birliyinin diplomuna, “Xallı gürzə” tarixi romanına görə “Yaddaş” milli mükafatına layiq görülmüşdür. Milli Mədəniyyətin Təbliği Mərkəzinin “Uğur” - 2008, “Mübariz” povestinə görə “Kaspi” qəzetinin xüsusi mükafatı ilə, “Ölüm mələyi” tarixi romanına görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Qızıl kəlmə” ədəbi mükafatı ilə (2013) təltif edilmişdir. 2010-cu ildə Prezident təqaüdçüs olmuşdur.Hazırd “Aspoliqraf” nəşriyyatında şöbə müdiri vəzifəsində çalışır.