Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İlin yubilyarları
12 Sentyabr , 2017
Yusif Vəzir Məşədi Mirabdulla Mirbaba oğlu Vəzirov (Yusif Vəzir Çəmənzəminli) 1887-ci il sentyabr ayının 12-də Şuşa şəhərində, bəy ailəsində doğulmuşdur. İbtidai əhsilini mollaxanada almış, sonra 1896-cı ildə Şuşa realnı məktəbinin hazırlıq şöbəsinə daxil olmuşdur. Təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış “Jaloba” adlı ilk şeirini rusca yazmışdır. Aşqabada getmiş, inqilabi hərəkata qoşulmuşdur. 1906-cı ildə Bakıya qayıtmışdır. Burada realnı məktəbin altıncı sinfində təhsilini davam etdirmişdir. Həmin il ilk mətbu məqaləsi “Molla Nəsrəddin” jurnalında dərc olunmuşdur. 1910-cu ildə Kiyev İmperator Universitetinin hüquq şöbəsinə daxil olmuşdur. 1915-ci ildə oranı bitirib vəkilməsləhətçi işləmişdir. 1919-cu ildə Odessadan İstanbula, oradan Bakıya qayıtmışdır. Burada müvəqqəti hökumət onu Türkiyəyə elçi-səfir təyin etmiş, lakin çox keçmədən istefa vermişdir. 1920-ci ildə Parisə getmiş, Fransa Milli Kitabxanasında çoxlu mütaliə etmişdir. Fransa Kommunist Partiyasının orqanı olan “Paris xəbərləri” qəzeti redaksiyasında işləmiş, “Şərq məktubları”nı qəzetin səhifələrində dərc etdirmişdir. Azərbaycan ədəbiyyatını türk aləminə tanıtmaq üçün 1921-ci ildə “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi-coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını İstanbulda çap etdirmişdir. 1926-1927-ci illərdə vətənə qayıdıb Bakıda “Bakı işçisi” kooperativ nəşriyyatında Bədii ədəbiyyat şöbəsinin müdiri işləmişdir. “Rusca-Azərbaycanca lüğət”in müəlliflərindən biri olmuşdur. “Qızlar bulağı”, “Studentlər”, “1917-ci il” adlı romanlarını çap etdirmişdir. 1927-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin aspirantı olmuşdur. 1930-1935-ci illərdə Azərbaycan Dövlət Sənaye İnstitutunda dil və ədəbiyyat kafedrasında assistent-müəllim, 1935-1938-ci illərdə Azərnəşrdə tərcüməçi-redaktor, 1938-1939-cu illərdə Özbəkistanın Ürkənc şəhərində Xarəzm Vilayət Pedaqoji İnstitutunda rus dili müəllimi işləmişdir.1936-1937-ci illərdə “Qan içində” və 1961-ci ildə çap olunmuş “İki od arasında” əsərlərini yazmışdır. Yusif Mirbaba oğlu Vəzirov Sta-lin repressiyasının qurbanı olmuş, 1940-cı ildə həbs olunaraq Qorki vilayətinin Suxobezvodnoye həbs düşərgəsinə göndərilmiş, 1943-cü ildə orada vəfat etmişdir.