Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İlin yubilyarları
14 Sentyabr , 2017
Rüstəm Hidayət oğlu Alməmmədov (Rüstəm Behrudi) 1957-ci il sentyabr ayının 14-də Azərbaycanın Ordubad rayonundakı Behrud kəndində, müəllim ailəsində anadan olmuşdur. 1964-cü ildə səkkizillik məktəbi bitirdikdən sonra orta təhsilini C.Cabbarlı adına Biləv kənd orta məktəbində almışdır. 1974-1975-ci illərdə doğma kəndindəki kolxozda işləmiş, elə həmin il oxumaq, təhsil almaq həvəsi onu Naxçıvan Dövlət Pedaqoji İnstitutunun tarix-ədəbiyyat fakültəsinə qəbul olmağa sövq etmişdir. 1979-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmiş və 1979-1984-cü illərdə Ordubad rayonundakı Unus kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyətə başlamışdır. Kələki və Unus kəndlərində işlədikdən sonra Ordubadda muzeydə çalışmışdır. 1984-cü ildə Bakıya gələn Rüstəm Behrudi 1986-1990-cı illərdə “Yazıçı” bədii ədəbiyyat nəşriyyatında fəhlə, korrektor, kiçik redaktor, poeziya redaksiyasının redaktoru vəzifələrində çalışmışdır. Bir müddət Sabir Rüstəmxanlının rəhbərliyi ilə nəşr edilən “Azərbaycan” qəzetində fəaliyyət göstərmişdir. Ədəbi fəaliyyətə 70-ci illərdən başlamış, ilk şeirini orta məktəbdə yazmışdır. Şeirləri “Araz”, “Azərbaycan” almanaxlarında mütəmadi olaraq çap olunmuşdur. Dövri mətbuatda şeir və publisistik yazıları ilə fəal çıxış edir. Yaradıclığında türkçülüyə və dərviş fəlsəfəsinə üstünlük verir. Şair “Yaddaşlara yazın” , “Şaman duası” kitablarının müəllifidir. “Şaman duası” kitabı türkdilli dövlətlərdə böyük maraqla qarşılanmış, kitabdan seçmələr Türkiyədə İranda Avstriyada, Almaniyada, Belçikada və s. ölkələrdə çap olunmuşdur.Yaradıcılığında seçmələr polyak, fransız, rus və çex dillərinə tərcümə edilmişdir.C.Məmmədquluzadəyə həsr olunmuş “Daha gülə-gülə ağlamaq olmur” poeması mavi ekranda bir aktyorun teatrında ifa olunmuşdur.