Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İlin yubilyarları
21 Oktyabr , 2017
Xəlil Rza oğlu Xəlilov (Xəlil Rza Ulutürk) 1932-ci il oktyabr ayının 21-də Salyan rayonunun Pirəbbə (kənd indi Neftçala rayonuna daxildir) kəndində anadan olmuşdur. 2 saylı Salyan şəhər orta məktəbini bitirdikdən sonra, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin jurnalistika söbəsinə daxil olmuşdur. 1954-cü ildə universiteti bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalı redaksiyasında başlamışdır. “Kitab” adlı ilk şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunan Xəlil Rza 1955-1957-ci illərdə bir sıra məqalə və şeirləri ilə daim dövri mətbuatda çap olunmuşdur. 1957-ci ildə ilk şeirlər toplusu “Bahar gəlir” adlı kitabı nəşr olunmuşdur. Həmin ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı (indiki AYB) onu Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan ikiillik Ali Ədəbiyyat kurslarına göndərmişdir. 1954-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.1959-cu ildə Bakıya qayıdan şair Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki APU) aspiranturasında təhsilini davam etdirmiş, 1963-cü ildə “Müharibədən sonrakı Azərbaycan sovet ədəbiyyatında poema janrı (1945-1950)” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi almışdır. Bir müddət sonra Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutuna dəvət olunmuş, elmi-tədqiqat işini davam etdirərək, 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 1984-cü ildə şairin “Ömürdən uzun gecələr” adlı kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” toplusu ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. 40 illik ədəbi-bədii yaradıcılığı dövründə öz əsərlərini “Xəlil Xəlilov”, “Xəlil Xəlilbəyli”, “Xəlil Odsevər”, “Xəlil Rza”, “Xəlil Rza Ulutürk” təxəllüsləri ilə çap etdirmişdir. 80-ci illərin sonlarında xalq azadlıq hərəkatının vüsət aldığı zaman Xəlil Rza bütün varlığı ilə bu hərəkata qoşulmuş, hər yerdə rus şovinist siyasətini, Dağlıq Qarabağ torpağına təcavüz edən erməni daşnaklarını odlu-alovlu çıxışları ilə ifşa etmişdir. O, “şübhəli şəxs” kimi təqib olunmuş, 1990-cı il yanvarın 26-da keçmiş SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya - Lefortovo həbsxanasına göndərilmişdir. 1990-cı il oktyabrın 9-da Bakıya gətirilmiş, bir ay davam edən məhkəmə prosesindən sonra azadlığa buraxılmışdır. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir. Şair 1991-ci ildə M.F.Axundov adına ədəbi mükafatı və “Türk milləti mükafatı” laureatı fəxri adlarına layiq görülmüşdür. 1992-ci ildə “Xalq şairi” fəxri adını almışdır.Xəlil Rza Ulutürk 1994-cü il iyun ayının 22-də vəfat etmiş, I Fəxri Xiyabanda dəfn edilmişdir. Azərbaycan xalqının milli mübarizəsində xüsusi xidmətlərinə görə Xalq şairi Xəlil Rza Ulutürk (ölümündən sonra) “İstiqlal” ordeni ilə təltif edilmişdir.