Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İlin yubilyarları
24 Oktyabr , 2017
Hüseyn Abdulla oğlu Rasizadə (Hüseyn Cavid) 1882-ci oktyabr ayının 24-də Naxçıvanın Kəngərli rayonunun Şahtaxtı kəndində, ruhani ailəsində doğulmuşdur. İlk təhsilini mollaxanada almış, 5 il ərzində ilahiyyat elmini, fars, ərəb dillərini öyrənmiş, 14 yaşında ikən XIX əsrin görkəmli maarifçilərindən olan Məhəmmədtağı Sidqinin təşkil etdiyi “Məktəbi-tərbiyə”yə (1896) daxil olmuşdur. 1898-ci ildə burada təhsilini başa vuraraq Təbrizdəki “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirmişdir. 1909-cu ildə Türkiyədə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmişdir. Naxçıvanda, sonra Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik etmişdir. Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olmuşdur. Hüseyn Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. 1913-cü ildə “Keçmiş günlər” adlı ilk şeir kitabı çap olunmuşdur. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası, forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərmiş, “Cavid teatrı” kimi səciyyələndirilmişdir. “Şeyx Sənan” (1914), “İblis” (1918) mənzum faciələri onun yaradıcılığında mühüm yer tutmuşdur. Hüseyn Cavid daha çox dramatuq kimi tanınmışdır. “Peyğəmbər”(1922), “Topal Teymur” (1925), “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramlarını 1920-1930-cu illərdə yazmışdır. Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməmiş, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına-Maqadana sürgün edilmiş və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olmuşdur. Şairin xatirəsi xalqımız tərəfindən həmişə əziz tutulmuş, onun 100 illik yubileyi ilə əlaqədar 1982-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və himayəsi ilə cənazəsinin qalıqları İrkutskdan Naxçıvana gətirilərək ev-muzeyinin yaxınlığında dəfn edilmiş, 1996-cı ildə qəbri üzərində möhtəşəm memarlıq-xatirə kompleksi “Hüseyn Cavid məqbərəsi” ucaldılmışdır. Adına məktəblər, küçələr verilmişdir. Bakı şəhərində abidəsi var. Hüseyn Cavidin həyat və fəaliyyətini, zəngin irsini əbədiləşdirmək və təbliğ etməq məqsədi ilə ev-muzeyinin yaradılması ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə 21 iyul 1981-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin “Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında” qəbul etdiyi qərarda nəzərdə tutulmuşdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyul 1995-ci ildə 160 saylı qərarına əsasən Bakıda Hüseyn Cavidin 1920-1937-ci illərdə yaşadığı evdə muzeyi “Hüseyn Cavidin Ev Muzeyi” yaradıldı və Azərbaycan Elmlər Akademiyasının tabeliyinə verildi. 24 oktyabr 2002-ci il tarixində, Hüseyn Cavidin 120 illik yubileyi günündə, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsən iştirakı ilə muzeyinin rəsmi açılış mərasimi keçirilmiş, ekspozisiyaları geniş tamaşaçı auditoriyasına nümayiş etdirilmişdir.