Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
İlin yubilyarları
21 Oktyabr , 2017
Kamandar Həmid oğlu Əfəndiyev (Aşıq Kamandar) 1932-ci il oktyabr ayının 21-də Gürcüstanın Borçalı mahalının Sarvan (indiki Marneuli) rayonunun Kürüstü Kəpənəkçi kəndində anadan olmuşdur. Ömrünün erkən yaşlarından saz çalıb, oxumağa hədsiz maraq göstərən Kamandar 1959-cu ildə Bakıda Azərbaycan aşıqlarının IV qurultayının nümayəndəsi olmuşdur. Aşıq Kamandar həmişə yorulmadan öz üzərində işləmiş, aşıq sənətinin ən incə sahələrinə yaradıcı bir tədqiqatçı kimi yollar axtarmışdır. Böyük zəhmətdən sonra Kamandar Həmid oğlu ozan-aşıq sənətində yaradıcı aşıq-şair kimi püxtələşməyə başlamışdır. Dillər əzbəri olan qoşma və gəraylıları, divani və təcnisləri, muxəmməsləri ona böyük şöhrət qazandırmışdır. Ötən əsrin 70-ci illərindən başlayaraq, Aşıq Kamanda-rın bu qoşma və təcnisləri Gürcüstan radiosu ilə yanaşı, Azərbaycan radio və televiziya verilişlərində də səslənməyə başlamışdır. 1989-cu ildə “Yazıçı” nəşriyyatı tərəfindən ilk “Borçalı laylası” adlı şeirlər kitabı işıq üzü görmüşdür. Aşıq el sənətinə bütün varlığı ilə bağlı olan, Azərbaycan xalqının XX əsrdə yetirdiyi görkəmli filosoflardan biri – əslən Borçalıdan olan mudrik alimimiz Camal Mustafayev bu kitaba yazdığı ön sözdə qeyd edir: “Kamandarın zəngin sənətində saz, səs, söz vəhdət təşkil edir.“Borçalı laylası”nı oxuyanda bir daha yəqin edirsən ki, o, Borçalı yaylaqları-nın bulağından su içib bəhrələnmişdir. Bu dağ bulaqlarının saflığını və sağlamlığını öz misralarına hopdura bilmişdir”. Ustad aşığın yazmış olduğu şeirlərin hamısından xalq ruhu, xalq nəfəsi və ozan-aşıq sənətkarlığı duyulur. Şair Kamandarın şeirlərinin dadlı və duzlu olması, Azərbaycan poeziyasının məğrurluğundan, dilə yatımlığından şairin xəbərdar olduğunu və “Saz-aşıqsöz” dünyamızın inkişafında Borçalı aşıq, saz-söz məktəbinin rolunu bir daha təsdiqləyir. İstər Gürcüstanda, Borçalıda, istərsə də Azərbaycanda və eləcə də Turkiyə və İranda Kamandar sənətinin vurğunlarının sayı-hesabı yoxdur. Onun ölməz yaradıcılığı haqqında alimlər, sənətşünaslar, pedaqoqlar, müğənni və xanəndələr, musiqiçi və heykəltəraşlar ürəkaçan sözlər demişlər. Aşığın 2004-cü ildə “Bənövşə” və 2008-ci ildə “Mən ellər Aşığı Xan Kamandaram” adlı kitabları çapdan çıxmışdır. Aşıq Kamandar Əfəndiyev 2000-ci il oktyabr ayının 25-də doğma kəndi Kürüstü Kəpənəkçidə vəfat etmişdir. 2013-ci sentyabın 18-də aşığın doğma kəndində büstü və ev-muzeyi açılmışdır. 80 illik yubileyi Tbilisi şəhərində təntənəli şəkildə qeyd edilmişdir.