Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
20 Mart , 2018
Ağsu, 22 mart, Adil Ağayev, AZƏRTAC
Xalqımızın Novruz bayramı ilə bağlı adətləri, oyun və mərasimləri əsrlərboyu folklorumuzda yaşadılaraq bu günə qədər gəlib çatıb. Novruz bayramı ilə bağlı olan belə mərasimlərdən biri də Şirvan bölgəsində keçirilən “payadöydü”dür. Bu mərasim Ağsuda ötən əsrin sonlarınadək davam edib və təəssüf ki, unudulmaq üzrədir.
Ağsunun Ərəbuşağı kəndində də vaxtilə bu mərasim geniş qeyd olunardı. Kənddin 85 yaşlı sakini Möhübbət Quluyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində “payadöydü” mərasiminin necə keçirilməsindən danışıb. Kəndin ağsaqqalı deyib: “Uşaqlıqda martın əvvəllərindən bu mərasimə hazırlaşardıq. Novruz sovqatı üçün dəstə ilə qonşu kəndə gedərdik. Adətən bizdə bayram martın 21-i axşamı keçirilir. O günü böyük səbirsizliklə gözləyirdik. Həmin gecənin bizə bəxş etdiyi sevinci, xoşbəxt anları heç nə ilə əvəz etmək mümkün deyil. Söhbət heç də bayram payından getmir...”.
“Payadöydü” mərasimində Novruz axşamı 8-10 nəfərlik dəstə bayram payı üçün həyətlərə girir, əllərindəki çomağı ritmlə yerə döyüb nəğmə oxuyurlar:

Novruz gəlir bizim elə,
Gedəniz salamat gələ,
Xoş sözlər gətirək dilə.
Novruza nido, badamı bəri,
Bayramın qəbul, ilahi amin!

Bu gün, sabah gəlir bazar,
Malınızdan çıxsın azar,
Görməyəsiz mərdimazar.
Novruza nido, badamı bəri,
Bayramın qəbul, ilahi amin!

Sənə deyim dayı, dayı,
Stəkana süzün çayı,
Ləngitməyin verin payı.
Novruza nido, badamı bəri,
Bayramın qəbul, ilahi amin!

Dil açıb torpaq da dinir,
Səmalardan ruzi enir,
Yer sevinir, göy sevinir.
Novruza nido, badamı bəri,
Bayramın qəbul, ilahi amin!

Bu gün küsənlər barışar,
Arzu istək aşar-daşar,
Torpaq, insan qucaqlaşar.
Novruza nido, badamı bəri,
Bayramın qəbul, ilahi amin!

Sonra ev yiyəsi həmin dəstə üzvlərinə bayram payı verərdi.
Kəndin yaşlı sakinlərinin sözlərinə görə, bayram axşamı süfrədə yeddi cür meyvə olar, səmənilər düzülər, yumurta boyanardı. Küsülülər barışar, qız-gəlinlər təzə paltar geyinər, xoş xəbər eşitmək üçün qapılar pusulardı. Buna görə də bütün evlərdə ancaq gözəl ifadələr işlədilərdi. Yaxınlar, qohum-qonşular bir–birinə bayram payı verərdilər. Nişanlı qızlara Novruz payı göndərərdilər. Oğlan evinə də pay qaytarılardı. Gənclər axşam lopa atardılar.
Foto Qalereya