Ağsu rayon Mərkəzi Kitabxanası

Ağsu rayon MKS
Tədbirlər
2 Avqust , 2018
Avqustun 2-də Azərbaycanda Milli Kino Günü qeyd olunur. Azərbaycan kino sənətinin tarixi 1898-ci ildən başlayır. Lümyer qardaşları ilk filmi nümayiş etdirdikdən sonra 1898-ci ildə fotoqraf Mişon Bakıda "Balaxanıda neft fontanı” və “Bibiheybət neft mədənində yanğın” adlı xronikal süjetləri lentə almaqla milli kinomatoqrafiyamızın əsasını qoydu. Bundan sonra onlarla film çəkildi. Onlar arasında ən yadda qalanı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettası əsasında çəkilmiş ilk milli kinokomediya oldu. 1920-ci ildən sonra isə Azərbaycanda sovet kinosu erası başladı. Həmin illərdə çəkilən “Ulduz”, “Şərikli cörək”, “Bizim Cəbiş müəllim” və digər filmlərin ideoloji xətti olsa da, onları bizə sevdirən milli ruhun, milli adət-ənənələrin özündə əks etdirmələridir. Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanda çəkilən filmlərin sayında azalma baş verdi. Ötən əsrin sonunda çəkilən filmlər sırasında ən çox yadda qalanları isə Qarabağ münaqişəsindən bəhs edən “Özgə vaxt”, “Biz qayıdacağıq”, “Fəryad”, “Sarı gəlin”, “Lal çinar”, “Arxada qalmış gələcək” kimi kinolentlər oldu.Son illərdə kino sahəsinə dövlət marağının artması tarixi-vətənpərvərlik mövzularında çəkilmiş nisbətən iribüdcəli “Cavad xan” və “Hökmdarın taleyi” kimi filmlərin meydana gəlməsinə kömək olub. Qeyd edək ki, 2001-ci ildən prezident Heydər Əliyevin sərəncamı ilə avqustun ikisi Azərbaycan Milli Kino günü kimi rəsmiləşdirilib.Bu məlumatlar 01 Avqust 2018-ci il tarixdə Mərkəzi kitabxanada keçirilən tədbirdə iştirakçıların nəzərinə çatdırılmışdır.Milli kinomuzun tarixinə dair Mələkxanım Qəhrəmanovanın məruzəsindən sonra bu mövzuda video-çarxa baxış keçirilmişdir.
Foto Qalereya